Paşinyan xalqla birbaşa ünsiyyətdə üstünlük qazanır

Paşinyan xalqla birbaşa ünsiyyətdə üstünlük qazanır
11:31

Ermənistanda qarşıdan gələn siyasi proseslər fonunda baş nazir Nikol Paşinyanın seçki kampaniyası və onun ictimai dəstəyi müzakirə mövzusu olaraq qalır. Siyasi müşahidəçilər hesab edirlər ki, hazırkı mərhələdə Paşinyanın seçki strategiyası rəqibləri ilə müqayisədə daha aktiv və cəmiyyətə yaxın üslubu ilə seçilir.

Politoloq Məhəmməd Əsədullazadə News365.az-a açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan seçki kampaniyasını daha effektiv şəkildə aparır və digər namizədlərlə müqayisədə daha güclü ictimai təsir formalaşdırır. 

Onun sözlərinə görə, Paşinyanın kampaniyası sadə vətəndaşlarla birbaşa ünsiyyət, regionlara səfərlər və insanların gündəlik həyatına yaxın üslubu ilə seçilir.

Politoloq qeyd edib ki, baş nazirin seçicilərlə birbaşa görüşləri, ictimai məkanlarda və kəndlərdə keçirilən tədbirlər onun kampaniyasının əsas üstünlüklərindən biridir. Onun sözlərinə görə, bu yanaşma seçicilərlə emosional və sosial bağların güclənməsinə xidmət edir və Paşinyanın ictimai imicini möhkəmləndirir.

Məhəmməd Əsədullazadə bildirib ki, hazırkı mərhələdə Paşinyanın seçki kampaniyasına ciddi alternativ təşkil edən güclü siyasi qüvvə müşahidə olunmur. O, xüsusilə müxalif düşərgədə əsas rəqib kimi göstərilən Robert Koçaryan ilə müqayisədə Paşinyanın daha aktiv və geniş sosial dəstəyə malik olduğunu qeyd edib.

Politoloqun sözlərinə görə, aparılan sorğular da Paşinyanın ictimai dəstəyinin mərhələli şəkildə artdığını göstərir. O bildirib ki, müxtəlif dövrlərdə keçirilən rəy sorğularında baş nazirin dəstək göstəricilərinin yüksəlməsi müşahidə olunur və bu tendensiya onun kampaniyasının effektivliyini təsdiqləyir.

Ekspert əlavə edib ki, Ermənistan daxilində siyasi proseslərə təsir edən xarici amillər də mövcuddur. Onun fikrincə, xüsusilə Rusiya faktorunun region siyasətində rolu qalmaqda davam edir, lakin hazırkı mərhələdə Paşinyanın daxili siyasi mövqelərinə ciddi təsir göstərə biləcək alternativ güc görünmür.

Məhəmməd Əsədullazadə sonda bildirib ki, Paşinyanın seçki kampaniyası Ermənistan cəmiyyətində müəyyən sabitlik və etimad mühitinin formalaşmasına xidmət edir və bu da onun siyasi mövqeyini daha da gücləndirir.


Sizin reklam burada
Sizin reklam burada