Xarici ölkələrin hüququnda zərər vurma və digər hüquqazidd nəticə yaradan hallarda təqsir müəyyən edilərkən, “təqsirin bölüşdürülməsi” tətbiq olunur. Xüsusilə avtomobil qəzalarında bundan istifadə edilir. Əgər hər iki tərəfin hadisədə təqsiri üzə çıxarsa, məhkəmə buna bir nisbət müəyyənləşdirərək, zərər vuranın məsuliyyətini həmin nisbətdə azaldır. Məsuliyyət istisna olunmur, amma azaldılır.
News365.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor, vəkil Fərhad Mehdiyev bloger Arzuma kəsilən cəza haqda qeyd edib.
“Bizdə də cinayət işlərində, delikt hüququnda, müqavilədən irəli gələn pozuntularda bu institut tətbiq olunmalıdır. Bu baxımdan “Arzum” ləqəbli blogerə tətbiq olunmuş 5 il 2 ay azadlıqdan məhrum edilmə cəzası bir az ağır, qeyri-mütənasib kimi görsənir.
Ümumiyyətlə, ilk dəfə ehtiyatsızlıqdan törədilən cinayətlərdə şərti məhkumetmə islah məqsədinə daha yaxşı xidmət edir; digər tərəfdən, ölüm hallarında zərərçəkmiş şəxslərin hüquqi varislərinə ödəniləcək kompensasiya məbləği ilə bağlı praktika dəyişilməlidir; mənəvi zərər məbləği artırılmalıdır. İşlərimizin birində həkim səhvinə görə 75.000 manat mənəvi zərərə dair qətnamə ala bilmişdik”, - o bildirib.
Qeyd edək ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 999" ləqəbli ilə tanınan tiktoker Ulduzə Hacıyevaya 5 il 2 ay həbs cəzası verilib və o, məhkəmə zalında həbs edilib.