"Son bir il ərzində neftin qiyməti 25%-ə qədər azalıb. Xüsusilə son bir həftədə bu azalma daha sürətlə baş verib – təxminən 15%. Bir neçə gün əvvəl 75 ABŞ dollarına satılan Brent markalı neft hazırda 65 dollara ticarət olunur. Bu enişin əsas səbəbi, aprel ayının əvvəlindən başlayan və ABŞ tərəfindən başladılan ticarət müharibəsidir. Bu müharibə nəticəsində qlobal ticarətin azalacağı, dünya iqtisadi artımının yavaşlayacağına dair narahatlıqlar yaranıb. Bu da öz növbəsində neftə olan tələbatın azalacağına işarə edir."
İqtisadiyyatçı Xalid Kərimli bunu News365.az-a açıqlamasında deyib.
"Bu vəziyyət, təbii ki, Azərbaycan üçün müsbət xəbər deyil. Çünki dünya üzrə ticarət müharibələrinin ölkəmizə təsir edən əsas elementi enerji qiymətləridir – xüsusilə də neftin qiyməti. Digər tərəfdən, ölkələr arasında qarşılıqlı tarif tədbirləri, bəzən Azərbaycanın qeyri-neft sektoru üçün yeni imkanlar yaratsa da, neftin qiymətinin enməsi bizi ciddi şəkildə narahat edir.
Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin illik orta qiymətinin 10 dollar enməsi Azərbaycanın tədiyyə balansına 1 milyard manatlıq ziyan vurur. Amma burada söhbət gündəlik və ya bir həftəlik enişlərdən yox, illik ortalama qiymətlərdən gedir. Əgər qiymət bir ay ərzində 10 dollar aşağı düşsə, bu təqribən 400 milyon manatlıq büdcə gəlirləri itkisi və 1.7 milyard manatlıq Neft Fondu ehtiyatlarında azalma ilə nəticələnə bilər.
Bununla belə, burada əsas məsələ yalnız indiki qiymət azalması deyil, həm də gələcəkdə neftin qiymətinin necə dəyişəcəyinə dair qeyri-müəyyənlikdir. Hazırkı mərhələdə qiymətlərin sürətli şəkildə aşağı düşməsi və bu tendensiyanın davam edib-etməyəcəyi Azərbaycanın gəlirləri və iqtisadi sabitliyi üçün həlledici ola bilər. Çünki neftin qiymətinin enməsi ölkəyə daxil olan valyutanın həcmini azaldır və ümumi iqtisadiyyata mənfi təsir göstərir.
2025-ci il üçün Azərbaycanın büdcəsində neftin qiyməti kifayət qədər iddialı – 70 dollar olaraq götürülüb. Bu rəqəm ilin ilk rübündə özünü doğruldub, çünki orta qiymət 70 dollardan yüksək olub. Lakin aprel ayından etibarən qiymətlərin düşməsi hökuməti narahat etməyə başlayıb. İkinci rübdə gəlirlərin azalması gözlənilir, amma hələlik bu, manatın məzənnəsi üzərində ciddi təzyiq yaratmayıb.
İqtisadçı həmçinin qeyd edib ki, əgər neftin qiymətində son günlər müşahidə edilən sürətli eniş davam etsə, bu, həm dövlət gəlirlərinə, həm də tədiyyə balansına mənfi təsir göstərə bilər. Eyni zamanda psixoloji baxımdan kapital axınlarına və iqtisadi inamın azalmasına səbəb ola bilər.
"Hazırkı qiymət diapazonu – 60-70 dollar aralığı – hələlik Azərbaycan üçün təhlükəli deyil. Bu səviyyə manatın sabitliyi və tədiyyə balansında profisit üçün yetərlidir. Ötən il isə neftin yüksək qiymətinə baxmayaraq, tədiyyə balansında defisit yaranmışdı ki, bu da əsasən borc ödənişləri və dövlətin həyata keçirdiyi iri həcmli investisiyalarla əlaqədar idi.
Nəticə etibarilə, neftin qiymətinin enməsi Azərbaycanın gəlirlərini azalda bilər, lakin hələlik bu eniş ciddi təlatüm yaratmır. Lakin prosesin davam etməsi və qiymətlərin daha da enməsi halında, həm iqtisadi, həm də psixoloji təsirlər qaçılmaz olacaq."