Moskvada şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaq.
Bunu bir çoxları Rusiya-Azərbaycan dostluğunun simvolu adlandırıb.
Nəzərə alaq ki, dahi öndərin həyatının bir hissəsi Moskvada keçib. O,
SSRİ Nazirlər Sovetinin birinci müavini kimi işləyib. Və həmin illərdə Rusiya üçün
bir sıra maraqlı layihələrə imza atıb. Onlardan biri də Baykal-Amur magistral
yolunun (BAM) tikintisidir. Qeyd edək ki, Heydər Əliyev BAM-la bağlı hökümət
Komissiyasının sədri olub və məhz onun iradəsi hesabına 40 il yarımçıq qalmış
bi ideya gerçəkləşib.
News365.az xəbər verir ki, abidənin Rusiya paytaxtında təməlqoyma mərasimi
keçirilib. Tədbirdə Moskva meri Sergey Sobyanin, Rusiyanın nəqliyyat naziri
Roman Starovoit, Rusiya Federasiyasının baş nazirinin müavini Vitali Savelyev,
“Rusiya Dəmir Yolları” QSC-nin baş direktoru Oleq Belozerov, Azərbaycanın səfiri
Rəhman Mustafayev və “BAM Birliyi” ictimai təşkilatının nümayəndələri iştirak
ediblər.
Sergey Sobyanin çıxışında deyib ki,
ötən il ölkə böyük yubileyini - Sovet İttifaqının ən möhtəşəm tikinti
layihələrindən biri olan və bu günə qədər ölkəmizin iqtisadiyyatında böyük rol
oynayan BAM-ın tikintisinin başlanmasının 50 illiyini qeyd etdi:
“Bu il BAM inşaatçıları ictimaiyyəti bu tikintinin əsas təşkilatçılarından
biri olan Heydər Əliyevin abidəsinin ucaldılmasını xahiş etdi".
Baş nazirin müavini Vitali Savelyev isə Heydər Əliyevin BAM-ın
yaradılmasında əvəzsiz xidmətlərini və işlərdə səmimi iştirakını vurğuladı:
“Heydər Əliyevin əbədi xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır”
Azərbaycanın Rusiyadakı səfiri Moskvada dahi siyasətçinin abidəsinin təməl
daşının qoyulmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib və qeyd edib ki,
bu, təkcə Heydər Əliyevin özünün deyil, həm də Rusiya-Azərbaycan dostluğunun
abidəsidir.
Məsələ ilə bağlı danışan Xəzər Strateji Araşdırmalar İnstitutunun
(Rusiya) baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru, politoloq
İqor Korotçenko Azərbaycanın ümummilli
lideri Heydər Əliyevin Moskvada ilk abidəsinin açılışı ideyasını dəstəkləyib:
"İlk növbədə, Rusiya Prezidenti Vladimir Putinin Heydər Əliyevə dəfələrlə
verdiyi qiyməti xatırlamaq istərdim. Putin qeyd edirdi ki, “o, görkəmli siyasətçi,
beynəlxalq lider və Rusiya Federasiyasının böyük dostudur”. Bu gün Rusiya-Azərbaycan
münasibətlərindəki məlum çətinliklər fonunda Moskvada Heydər Əliyevin abidəsinin
təməlinin qoyulması və onun yaxın vaxtlarda açılışının keçirilməsi, hesab edirəm
ki, həm Rusiya, həm də Azərbaycanın müvəqqəti soyuqlaşma dövrünü dəf etməsi,
birgə perspektivlərə baxışını saxlaması və irəli getməsi üçün mühüm addımdır.
Bu, tamamilə düzgün və faydalı qərardır".
"Abidənin açılışı siyasi məqsədəuyğunluğa verilən qiymət deyil,
Rusiya-Azərbaycan münasibətlərinin siyasət, iqtisadiyyat, regionlararası əməkdaşlıq,
mədəni qarşılıqlı əlaqə və s. sahələrdə bütün kompleksinin möhkəmləndirilməsi və
inkişaf etdirilməsi istiqamətində ardıcıl kursun təzahürüdür. Vladimir Putin və
Heydər Əliyevi sıx qarşılıqlı əlaqə, hörmət münasibətləri bağlamışdılar - və bu
gün də bu, davam edir.
"Ümumiyyətlə, mədəni-humanitar layihələr Rusiya-Azərbaycan müttəfiqliyində
müstəsna mühüm rol oynayır. Heydər Əliyev Fondu Rusiyada uğurla fəaliyyət göstərir,
bir sıra mühüm təşəbbüsləri həyata keçirir. Mədəni qarşılıqlı əlaqə və əlaqələr
xalqlarımız arasında uğurlu münasibətlərimizin və dostluğumuzun əsasını təşkil
edir", - deyə İqor Korotçenko əlavə edib.
Politoloq Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin ekipajının Rusiya dövlət
mükafatları ilə təltif edilməsini də təklif edib:
"Fövqəladə eniş zamanı 27 sərnişinin həyatını xilas etmiş ekipajın
mükafatlandırılması ilə bağlı siyasi səviyyədə belə bir qərarın qəbul edilməsi
müstəsna dərəcədə düzgün olardı. Ekipajın şəxsi cəsarəti və hərəkətlərinin dəqiqliyi
xilas edilmiş insan həyatına görə yalnız hörmət və minnətdarlığa layiqdir,
onların arasında Rusiya Federasiyası vətəndaşları da var".