Makrona soyuğ duş- TƏHLİL

Makrona soyuğ duş- TƏHLİL
09:37

Fransanın keçmiş müstəmləkələri olan Çad və Seneqal, müstəqilliklərinin xarici hərbi qüvvələrin mövcudluğu ilə uyğun gəlmədiyini bəyan edərək, fransız hərbçilərinin ölkələrindən çıxarılmasını tələb edirlər. Bu qərarların arxasında tarixi və siyasi faktorlar dayanır.

Seneqal Prezidenti 28 noyabrda verdiyi müsahibədə, Seneqalın müstəqil bir dövlət olduğunu və ərazisində xarici hərbi bazaların mövcudluğunun qəbul edilməz olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, Fransa ilə tərəfdaşlıq davam edəcək, lakin hərbi iştirak olmadan.

Bu bəyanat 1944-cü ildə Tiarua düşərgəsində baş verən faciənin 80 illiyinə təsadüf edir. O dövrdə fransız kolonial ordusu, onlarla birlikdə vuruşan seneqallıları maaş tələblərinə görə güllələmişdi. Tarixi bu epizod, Seneqal- Fransa münasibətlərinin mürəkkəbliyini bir daha gündəmə gətirir.

Paralel olaraq Çad Prezidenti Fransa ilə 1966-cı il hərbi əməkdaşlıq müqaviləsini qüvvədən saldıqlarını və fransız ordusunun ölkəni tərk etməsini tələb etdiyini açıqlayıb. Bu bəyanat, Fransanın Çaddakı 1000-ə yaxın hərbi heyyətini statussuz vəziyyətə gətirir. Prezident bu qərarın əsasını Çadın tam suverenliyinə nail olmaq və yeni strateji tərəfdaşlar seçmək məqsədi ilə izah edib.

Makron isə bu qərarların fonunda diplomatik arenada "şok dalğaları" ilə qarşılaşır. Hər dəfə Afrikadan belə bir bəyanat gəldikdə, onun çıxışlarında "universal dəyərlərə sadiqlikdən" danışması müşahidə olunur. Ancaq sual yaranır: Sadiq olduğu dəyərlər arasında Afrikanı fransız hərbi bazalarından təmizləmək varmı?

Fransa, Çad və Seneqal kimi ölkələrdəki hərbi bazalarını itirməklə, Afrikadakı ən vacib təsir vasitələrini itirmiş hesab ediləcək. Baş verən hadisə Fransa üçün ciddi geosiyasi itki deməkdir.

Aqil Məmmədov, ekspert


Youtube kanalımız