Şəxsən mən Aİİ sammitinin Ermənistanda keçirilməsini yersiz hesab etdim.
News365.az xəbər verir ki, bu sözləri Baş naziri Nikol Paşinyan dekabrın 4-də parlamentdə “İrəvan həqiqətənmi Aİİ sammitinin Ermənistanda deyil, Sankt-Peterbirqda keçirilməsini xahiş edib” (Ermənistan Aİİ-yə sədrlik edən ölkə olduğu üçün) sualına cavab verərkən deyib.
“Səbəbini deyə bilərəm. Təəssüflər olsun ki, sizə məlum olan halların üst-üstə düşməsi səbəbindən Aİİ-nin Ali İqtisadi Şurasının heç də bütün üzvləri Ermənistan üçün arzuolunan deyil”, - Paşinyan bildirib.
Paşinyan bu qərarın Roma Statutunun ratifikasiyası ilə bağlı olub-olmaması, ümumiyyətlə Vladimir Putinin saxlanılmasının mümkünlüyü ilə bağlı suala da aydınlıq gətirib.
“Biz Roma Statutunu ratifikasiya edən ərəfədə rusiyalı həmkarlarımızla əlaqə saxladıq. Biz onlara ABŞ-ı misal göstərdik. Birləşmiş Ştatlarla bizim aramızdakı münasibətlərdə Roma Statutunun müəyyən xüsusiyyətlərini vurğulayan ayrıca müqaviləmiz var. Biz Rusiyaya da eyni mexanizmi təklif etmişik, lakin Rusiya hansısa səbəbdən buna razılıq vermədi”, - Paşinyan qeyd edib.
Erməni mediasının məlumatına görə, “böyük ehtimalla” Nikol Paşinyan Ermənistanda olması xoş qarşılanmayan Belarus Prezidenti Aleksandr Lukaşenkoya eyham vurub. Üstəlik, Paşinyan bildirib ki, nə qədər ki, Lukaşenko Belarusun prezidentidir, bu ölkəyə getməyəcək.
Qeyd edək ki, Ermənistan hazırda Aİİ-yə sədrlik edir. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mediaya açıqlamasında Ermənistan tərəfinin xahişi ilə Aİİ sammitinin Ermənistanda deyil, 25 dekabrda Sankt-Peterburqda keçiriləcəyini bildirmişdi.