“Biz illərdir apardığımız mübarizədən geri çəkilməyəcəyimizə söz veririk. Qarşılaşdığımız təzyiqlərə və repressiyalara baxmayaraq, bu yoldan dönməyəcəyik”.
Bunu avqustun 2-də 9-cu çağırış parlamentin ilk iclasına gələn “Ermənistan” blokundan deputat Levon Köçəryan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bütün komandanın mövqeyi də eynidir. Köçəryanın sözlərinə görə, kollektiv müxalifətin fəaliyyəti hər gün görünməlidir.
Deputat qeyd edib ki, müxalifətin əsas və yekun məqsədinə çatması çoxsaylı amillərdən asılıdır:
“Bu, bizim fəaliyyətimizdən və həmişə bizdən asılı olmayan bir çox digər amillərdən asılıdır. Amma biz də bu missiyanı rəhbər tutmalıyıq”.
Köçəryan öz səhvlərinin təhlil edilməsinin vacibliyini vurğulayıb. O, müxalif mövqedə olan vətəndaşların onlara qarşı tələblərini başa düşdüyünü, lakin insanların mümkün hesab etdiyi hər şeyin həqiqətən də mümkün olmadığını bildirib.
Levon Köçəryan seçiciləri əmin edib ki, məsələləri daha tez həll etmək imkanı yaranarsa, “Ermənistan” bloku bundan geri çəkilməyəcək:
“Biz bunu sınamışıq və çoxları bunun şahidi olub. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Qalan məsələlər isə müxtəlif amillərdən və şəraitdən asılıdır”.
Müxalifətçi prioritet istiqamətlərdən birinin Erməni Apostol Kilsəsinin müdafiəsi olduğunu bildirib.
“Erməni Apostol Kilsəsi ilə bağlı baş verənlər normal erməni üçün normal sayıla bilməz”, – deyə Levon Köçəryan fikrini yekunlaşdırıb.