Xəbər
verdiyimiz kimi mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə
keçirilib.
Dövlətimizin
başçısı müşavirədə proqram xarakterli nitq söyləyib. Prezident kənd təsərrüfatındakı
mövcud vəziyyəti dəqiqliklə təhlil edib, hər bir sahə üzrə reallığı söyləyib və
perspektivləri müəyyən edib.
Ölkə başçısı
son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika onu qane etmədiyini bildirib:
“Bir müddət
bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının
inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli
olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək
investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli
olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və
icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas
hədəflərimiz tam yerinə yetiriləcəkdir”.
Nəzərə alaq
ki, kənd təsərrüfatı strateji sahədir və ölkənin ərzaq təhlükəsizliyində əsas
yeri tutur. Ona görə də bu sahənin inkişafı dövlətimiz üçün prioritetdir. Bu mənada
Prezidentin səsləndirdiyi fikirlər statistik hesabat yox, strateji hədəflərdir.
Məsələn ölkə
başçısı taxılçılığın üzərində xüsusilə dayanıb. Bildirib ki, buğda istehsalı və
onun özünü təminetmə əmsalı bizdə artmır:
“Daxili
istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz
azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə
alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə
alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək.
Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”.
Prezident ərzaqlıq
buğdaya olan ehtiyacları yerli istehsal hesabına ödəmək üçün ilk növbədə məhsuldarlığın
artırılmasını önə sürüb. Bu da təbii haldır. Çünki Azərbaycanda əkin sahələri məhduddur.
Əkin sahələrinin genişləndirilməsi imkanları olmadığı üçün bütün diqqətlər məhsuldarlığa
yönəldilməlidir.
Hazırda ölkə
üzrə taxılçılıqda məhsuldarlıq hektar üzrə 3.2 sentnerdir. Bu da qaneedici
deyil. Ölkə başçısı bildirib ki, ən yaxın zamanda məhsuldarlıq 50 sentnerə
çatdırılmalıdır.
Müşavirədə
digər sahələrin də inkişafı perspektivləri təhlil edilib. Ümumi fikir bu olub
ki, yerlərdə kənd təsərrüfatının inkişafı üçün resurslar var, amma təşəbbüslər
yetərli deyil.
Su problemi
Bu sahədə
itkilər çoxdur. Əkin sahələri kifayət qədər su ilə təmin olunmur. Bunun üçün
suvarma sistemlərinin yenilənməsi ilə innovativ metodlardan istifadəsi önə çəkilib.
Belə ki. 130 min hektarda tətbiq olunan müasir suvarmanın 300 min hektara
çatdırılması hədəf qoyulur.
Subsidiya
mexanizmləri
Müşavirədə
açıq şəkildə bildirildi ki, illərlə dəyişməyən subsidiya modeli effektiv deyil.
Subsidiyalar bazar tələbi, ixrac potensialı və məhsuldarlığa uyğun çevik dəyişməlidir.
Aqrar emal
Azərbaycan
bir çox hallarda xammal ixrac edir, emal məhsulu idxal edir. Bu isə əlavə dəyərin
ölkə daxilində formalaşmaması deməkdir. Pambıq üzrə “mahlıc yox, hazır məhsul”
mesajı məhz buna hesablanıb. Ümumiyyətlə, mən aqrar emalı kənd təsərrüfatının ən
birinci dəstəkləyici istiqaməti hesab edirəm. Yeni yaradılan dəyər bir çox
istiqamətlərə ciddi effektlər verər.
Kənddən şəhərə
miqrasiya
Müşavirədə səslənən
“şəhərdən kəndə qayıdış” fikri əslində iqtisadi model mesajıdır. Əgər kənddə gəlir,
xidmət, logistika və sosial infrastruktur rəqabətli olmazsa, urbanizasiya
dayanmayacaq. Odur ki, yeni proqram kəndlərdə gəlir imkanlarının, xidmətlərin,
logistikanın və sosial infrastrukturun daha rəqabətli səviyyəyə çatdırılmasına
yönəlməlidir.
Müasir
texnologiya
Torpaq
pasportlaşdırılması, süni intellekt, peyk məlumatları, rəqəmsal analizlərin
vurğulanması göstərir ki, aqrar sektor artıq ənənəvi idarəetmədən texnologiya əsaslı
idarəetməyə keçir.
Göründüyü
kimi kənd təsərrüfatının inkişafı üçün imkanlar ətraflı təhlil edilib. Və
boşluqlar müəyyən edilib.
Bəs
boşluqlar hansı sahələrdədir?
İlk növbədə
maarifləndirmə işi zəifdir. Bu gün fermer heç bir bazarlama və marketinq işi
aparmır. İrəli getmək üçün çox zaman geriyə baxır. Bu da çox zaman zərərlə nəticələnir.
Məsələn, fermerlər baxır ki, ötən mövsüm soğan baha olub. Və çoxluq başlayır
soğan əkməyə. Belə vəziyyətdə isə təklif tələbi üstələyir. Nəticədə məhsul
fermerin əlində qalır.
Halbuki Kənd
Təsərrüfatı Nazirliyinin yerli idarələri fermerlərlə davamlı iş aparmalı, əkiləcək
məhsul barədə onlara real bazar araşdırması təqdim etməlidir ki, fermer becərdiyi
məhsulu növbəti mövsümdə asanlıqla realizə edə bilsin.
Təsadüfi
deyil ki, Respublika Prezidenti bu məsələyə də xüsusi diqqət ayırıb. Bildirib
ki, torpaqlardan səmərəli istifadə məsələsi vacibdir:
“Burada məqsəd
məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır ki,
hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun
ola bilər. Burada, əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir. Amma bilirəm
ki, bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də
fərqlidir. Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin,
başqa məhsul yetişdirilməsin, düzgün olmaz”.
Hazır məhsulun
saxlanması
Kənd təsərrüfatı
məhsulları “yaş məhsul” hesab edilir. Yəni tez xarab olur. Yaxşı olardı ki,
Nazirlik fermerlərin ayağına getsin onun əlində qalan məhsulunu dövlətin bölgələrdə
tikilmiş soyuducu anbarlarına yerləşdirsin. Və bir müddət sonra fermer öz məhsulunu
anbardan çıxardıb satanda, həm dövlətə müəyyən ödəniş eləsin, həm bazarda
davamlı bolluq yaradılsın, həm də fermer yaxşı qazanc əldə eləsin.
Digər bir
problem subsidiyanın əlçatan və effektiv olmamasıdır. Məlumdur ki, dövlət tərəfində
ayrılan subsidiyanın 25 faizi nağd, 75 faizi isə texniki yardım şəklində
verilir. Bu da bir çox hallarda səmərəsiz qalır. Məsələn İmişlinin Ağamalılar kəndindəki
fermer şum traktoru üçün ən azı bir neçə dəfə rayon mərkəzindəki Aqroservisə gəlməlidir.
Kəndlə Aqroservis arasındakı məsafə isə 50-60 kilometrdir. Hər dəfə fermer bu qədər
yolu qət edəndə xeyli vəsait itirir. Üstəlik Aqroservis fermerin istədiyi vaxt
ona texiki yardım edə bilmir. Bu növbəçilik əsasında aparıldığı üçün fermer
yaxın ərazilərdəki texnikadan yararlanmağa üstünlük verir. Bu vəziyyətdə isə
fermer ödənişləri cibində etmiş olur. Beləcə, dövlətin ayırdığı vəsaitsə fermerə
heç bir fayda vermir.
Yaxşı olar
ki, fermerə subsidiya yox, dövriyyə vəsaiti verilsin. Və yaxud tədarük şirkətləri
hər bir fermerlə müqavilə bağlasın və hazır məhsulun satışında ona dəstəkçi
olsun. Belə olacağı təqdirdə fermer daha çox məhsul istehsal etməkdə maraqlı
olar.
Kənd təsərrüfatı
məhsullarına verilən subsidiyaların həcminə də yenidən baxılmalıdır. Məsələn
heyvandarlıq üçün vacib olan yoncanın hər hektarına cəmi 50 manat pul verilir.
Halbuki yabanı meşə meyvələrinin yetişdirilməsinə bundan 300 dəfə artıq
subsidiya ayrılır.
Başqa bir
nümunə.
Süni
mayalanma ilə doğulan hər buzova görə 100 manat ödəniş edilir. Amma təbii yolla
doğulan buzova heç bir ödəniş edilmir. Olmazmı ki, hər doğulan buzova 100 manat
ödəniş edilsin və vermer də bu məsələdə daha maraqlı olsun.
Nəzərə alaq
ki, regionlarmzda kənd təsərrüfatının zəngin inkişaf ənənələri var. İndiki vəziyyətdə
bu ənənləri inkişaf etdirmək və fermerin yanına getmək lazımdır.
Təsadüfi
deyil ki, Dövlətimizin başçısı bütün imkanları səfərbər edib zəruri ərzaq məhsulların
yerli istehsal hesabına ödənilməsini əsas şərt kimi irəli sürüb:
“Ət, süd,
quş əti ilə 100 faiz özümüzü təmin etməliyik. Mən rəqəmləri qeyd etdim, təqribən
80-90 faiz səviyyəsindədir. Bunu 100 faizə çatdırmaq üçün mən hesab edirəm ki,
imkanlar var və bu proqram qeyd etdiyim kimi, qısamüddətli olmalıdır,
2026-2030-cu illəri əhatə edəcək. Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki,
yarısı artıq arxada qalır, bu proqramın icrası üçün cəmi dörd il yarım qalır.
Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il
ayrılmalıdır”.
Görünən odur
ki, yaxın aylarda kənd təsərrüfatının inkişafı üçün dövlət böyük layihələrin
icrasına başlayacaq. Bu da imkan verir ki, deyək ki, bu vaxtadək olan problemlər
ən qısa zamanda aradan qalxacaq və aqrar sektorun inkişafında yeni səhifə
açılacaq.
News365.az