Kadırovun Bakı səfəri nə vəd edir? Politoloqdan diqqətçəkən şərh

Kadırovun Bakı səfəri nə vəd edir? Politoloqdan diqqətçəkən şərh
12:41

Rusiya ilə Azərbaycan arasında münasibətlərin həssas mərhələdən keçdiyi bir vaxtda Çeçenistan rəhbəri Ramzan Kadırovun Bakıya səfəri diqqət mərkəzinə düşüb. Prezident İlham Əliyevin Kadırovu qəbul etməsi, tərəflərin səsləndirdiyi mesajlar və AZAL təyyarəsinin qəzaya uğramasından sonra baş tutan bu görüş münasibətlərin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında Kadırovun Azərbaycana səfərini bir neçə mühüm məqam baxımından dəyərləndirib.


Onun sözlərinə görə, bu, Çeçenistan rəhbərinin Azərbaycana üçüncü səfəridir. Kadırov bundan əvvəl 2012-ci il noyabrın 15-də və 2018-ci il noyabrın 27-də ölkəmizdə olub.

Səfərin diqqətçəkən digər məqamı isə Kadırovun Çeçenistanda keçirilən seçkilərdə 99,85 faiz səs toplamasından sonra ilk xarici səfərini Azərbaycana etməsidir. Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putinin ona general-polkovnik rütbəsi verməsi də bu səfərin siyasi fonunu diqqətə çatdırır.

T.Rzayevin fikrincə, səfərin ən mühüm tərəfi 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı yaxınlığında qəzaya uğramasından sonra Kadırovun ilk dəfə Azərbaycana gəlməsidir. Həmin hadisə Bakı ilə Moskva arasında münasibətlərdə gərginliyə səbəb olduğu kimi, Bakı-Qroznı xəttində də müəyyən soyuqluq yaradıb.

Politoloq xatırladıb ki, təyyarə qəzası ilə bağlı məsuliyyət məsələsi və hadisənin nəticələri ətrafında yaranan narazılıqlar münasibətlərə təsirsiz ötüşməyib. Kadırovun həlak olanların yaxınlarına təzminat xarakterli ödəniş təklif etməsi isə Azərbaycan tərəfindən birmənalı qarşılanmayıb.

Bununla belə, T.Rzayev hesab edir ki, hadisədən sonra keçən müddətdə Bakı ilə Moskva arasında münasibətlərdə müəyyən yumşalma müşahidə olunur. Onun qənaətinə görə, etimadın əvvəlki səviyyəyə qayıtdığını söyləmək çətin olsa da, gərginliyin tədricən azalması Bakı ilə Qroznı arasındakı münasibətlərə də təsir göstərir.

Prezident İlham Əliyevin görüş zamanı Kadırovu səmimi şəkildə qarşılaması da bu baxımdan diqqət çəkib.

“Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam. Xoş gəlmisiniz. Sizi burada görməyimizə həmişə şadıq”, – deyə dövlət başçısı bildirib.

Ramzan Kadırov isə çıxışında münasibətlərin tarixi əsaslarına toxunaraq, Azərbaycan Prezidenti Heydər Əliyevlə Çeçenistanın ilk prezidenti Əhməd Kadırov arasında mövcud olmuş qardaşlıq münasibətlərini xatırladıb.

Çeçenistan rəhbəri AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı da bir daha başsağlığı verib:

“2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir”.

Politoloqun fikrincə, səsləndirilən fikirlər və qarşılıqlı mesajlar tərəflər arasında münasibətlərin yumşaldığını göstərir. Kadırovun Azərbaycan Prezidentinə Qarabağ məsələsinin həlli münasibətilə Azərbaycan xalqını təbrik etmək istədiyini bildirməsi də gələcək əlaqələr baxımından müsbət jest kimi qiymətləndirilə bilər.

T.Rzayev qeyd edib ki, Çeçenistan Rusiya Federasiyasının tərkibində olan subyektdir. Buna görə də Bakı ilə Qroznı arasındakı münasibətlərə Moskva ilə əlaqələrdən ayrı baxmaq mümkün deyil.

“Bakı Kremli bərabərhüquqlu ölkə kimi görür və münasibətlərdə də bunu tələb edir. Qroznı-Bakı münasibətləri Moskva-Bakı münasibətlərinin tərkib hissəsidir”, – deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan münasibətlərdə kin və nifrətə deyil, sülhə, sabitliyə və konstruktiv əməkdaşlığa üstünlük verir. Bununla belə, gələcəkdə Azərbaycanın maraqlarına və qarşılıqlı hörmət prinsipinə zidd addımlar atılarsa, rəsmi Bakının mövqeyi də sərt ola bilər.


Sizin reklam burada
Sizin reklam burada