News365.Az Türk mənbələrinə istinadən xəbər verir ki, Azərbaycan, 38 nəfərin həyatını itirdiyi təyyarə faciəsinin ağrısını hələ də yaşayarkən, Çeçenistan lideri Ramzan Kadırov qalmaqallı bir qərarla diqqət mərkəzinə çevrilib. Kadırov, Çeçenistan səmasında Rus raketi ilə vurulan sərnişin təyyarəsinin qəzaya uğradığı gün hava müdafiə sistemlərinə rəhbərlik edən şəxsi “üstün xidmət medalı” ilə təltif edib.
Azərbaycan rəsmiləri Rus və Çeçen hakimiyyətindən rəsmi üzr gözlədiyi halda, ilk addım tam əks istiqamətdə atılıb. Çeçenistan Muxtar Respublikasının lideri Ramzan Kadırov mükafatlandırma mərasimi təşkil edərək, Çeçenistan Təhlükəsizlik Şurasının rəhbəri və öz qohumu olan Hamzat Kadırovu “üstün xidmət medalı” ilə təltif edib.
Hamzat Kadırov, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulduğu gün Çeçenistandakı Rus hava müdafiə fəaliyyətləri barədə hesabat təqdim edən yeganə rəsmi şəxs idi. O, həmin vaxt Qroznıya hücum edən Ukrayna PUA-larının hamısının məhv edildiyini bildirərək, “PUA-ların hər hansı bir obyektə çırpılması məlumatı doğru deyil, hər şey vuruldu!” deyə açıqlama vermişdi.
Lakin məhv edilən “hər şey” arasında Azərbaycan Hava Yollarına məxsus mülki sərnişin təyyarəsi də olub. Hamzat Kadırov, medalı gülüşlə qəbul edib. Halbuki Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə yaxınlarını itirənlərin gözləri hələ yaşla dolu idi, bəzi yaralılar isə hələ də həyat mübarizəsi aparırdı. Kadırovun, Rus hava müdafiə sistemlərinə rəhbərlik edən şəxsi cəzalandırmaq əvəzinə mükafatlandırması isə şok effekti yaradıb.