Yunanıstan polisi 100 milyon avro məbləğində vergi fırıldaqçılığında əli olmaqda şübhəli bilinən "Choriatiko" çörəkxana şəbəkəsinin sahibi Angelos Yannakopulosu və 50-yə yaxın şəxsi saxlayıb.
News365.az "Kathimerini" qəzetinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvarında başlanmış istintaq vergidən yayınmaq məqsədilə saxta əqdlərin həyata keçirildiyi ehtimal edilən 200-ə yaxın çörəkxananı əhatə edir.
Yannakopulos Dubaydan Yunanıstana qayıtdıqdan sonra saxlanılıb.
Nəşrin məlumatına görə, biznesmen əvvəllər də cinayət məsuliyyətinə cəlb edilib. 2010-cu ildə o, əsasən, Ukrayna, Moldova və digər Şərqi Avropa ölkələrindən qadınların fahişəliyə məcbur edilmək məqsədilə ölkəyə qanunsuz yolla keçirilməsini təşkil etmək ittihamı ilə həbs olunub.
2015-ci ildə birinci instansiya məhkəməsi Yannakopulosu 10 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Onunla birlikdə daha 15 nəfər məhkum olunub.
Sonradan biznesmen bir neçə yüz min avro məbləğində girov müqabilində sərbəst buraxılıb.
Apellyasiya məhkəməsi təyin edilmiş cəzaları yüngülləşdirib və ittihamların bir hissəsini ləğv edib ki, bu da həmin iş üzrə məhkum olunanların azadlıqda qalmasına imkan verib.