Alış-veriş zamanı rəfdə gördüyü qiymətə güvənərək məhsul seçən alıcı kassada fərqli məbləğlə qarşılaşa bilər. Bəzi mağazalarda bu vəziyyət qiymətlərin sistemdə yenilənməməsi və ya kampaniyanın başa çatması ilə izah olunur. Lakin səbəb nə olursa olsun, rəfdə göstərilən qiymətlə kassada tələb edilən məbləğ arasındakı fərq istehlakçıların haqlı narazılığına yol açır.
Bəs belə hallarda alıcı hansı hüquqlara malikdir və mağaza rəhbərliyi məsuliyyət daşıyırmı?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov News365.az-a açıqlamasında bildirib ki, rəfdəki qiymətlə kassada hesablanan məbləğin fərqli olması istehlakçı hüquqlarının geniş yayılmış pozuntularından biridir.
Onun sözlərinə görə, mağazalar bu uyğunsuzluğu adətən qiymətlərin sistemdə yenilənməməsi, kampaniyanın başa çatması və ya işçi çatışmazlığı ilə əlaqələndirirlər. Ancaq bu cür izahlar istehlakçının hüquqlarını arxa plana keçirməməlidir.
Eyyub Hüseynov qeyd edib ki, kassada məhsulun qiyməti rəfdə göstəriləndən yüksək çıxarsa, alıcı həmin məhsulu üzərində qeyd olunan qiymətə almağı tələb edə bilər. Mağaza bu tələbi yerinə yetirməkdən imtina etdikdə isə istehlakçı rəfdəki qiymətin fotosunu çəkərək müvafiq dövlət qurumlarına şikayət edə bilər.
AİB sədri istehlakçılara müraciət edərək belə hallarla qarşılaşdıqları zaman həm məhsulun yerləşdiyi rəfdəki qiymətin, həm də kassa çekinin şəklini çəkməyi tövsiyə edib.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, satıcı istehlakçıya məhsulun qiyməti barədə düzgün məlumat verməlidir. Nazirlər Kabinetinin təsdiq etdiyi ticarət qaydalarına görə də satışda olan məhsulun üzərində adı, növü və qiyməti göstərilməli, qiymət kağızı müvafiq qaydada tərtib olunmalıdır.
Məhsulun üzərində göstərilən qiymətdən fərqli məbləğin tələb edilməsi istehlakçı hüquqlarının pozulması hesab olunur və qanunvericiliklə müəyyən edilmiş hallarda inzibati məsuliyyətə səbəb ola bilər.
İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslərin istehlakçını malın ölçüsünə, çəkisinə, hesabına, istehlak xüsusiyyətlərinə və ya keyfiyyətinə dair az miqdarda aldatmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək cərimə edilə bilər.
Məcəllədə az miqdarda aldatma dedikdə 300 manatdan çox olmayan məbləğ nəzərdə tutulur. Aldadılma məbləğinin 300 manatı keçməsi halında isə cinayət məsuliyyəti məsələsi yarana bilər. Bununla belə, məsuliyyətin növü və tətbiqi konkret əməlin hüquqi qiymətləndirilməsindən asılıdır.
Eyyub Hüseynovun sözlərinə görə, rəfdə göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərq aşkar edən istehlakçılar pozuntunu təsdiqləyən sübutları toplamalı və müvafiq qurumlara müraciət etməlidirlər.
Şikayətlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsi, [email protected] elektron poçt ünvanı və 195-1 Çağrı Mərkəzi vasitəsilə təqdim edilə bilər.
Belə hallarda rəfdəki qiymətin fotosu, kassa çeki və ticarət obyektinin dəqiq adı şikayətin əsaslandırılması baxımından əhəmiyyət daşıyır.