ABŞ ilə İran arasında intensiv danışıqlar final mərhələsinə yaxınlaşıb.
News365.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər arasında mümkün razılaşma bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılmasını, Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsini və İranın dondurulmuş 25 milyard dollarlıq aktivlərinin açılmasını nəzərdə tutur.
Bildirilir ki, razılaşma qüvvəyə mindikdən 30-60 gün sonra İranın nüvə proqramı ilə bağlı danışıqların başlanması da planlaşdırılır.
Razılaşmanın detalları ilə bağlı yüksək vəzifəli iranlı məmur Reuters agentliyinə açıqlamasında Tehranın yüksək zənginləşdirilmiş uranı təhvil verməyə razı olmayacağını bildirib. Onun sözlərinə görə, hazırkı mərhələdə nüvə proqramı məsələsi ümumiyyətlə razılaşmanın bir hissəsi deyil.
ABŞ Prezidenti Donald Trump isə danışıqlarla bağlı sərt açıqlama verib.
“Danışıqları aparan nümayəndələrimə tələsməməyi tapşırdım. Razılaşma əldə olunub təsdiqlənənə və imzalanana qədər blokada tam şəkildə qüvvədə qalacaq. İran anlamalıdır ki, nüvə silahı hazırlaya və ya əldə edə bilməz”, - Tramp bildirib.
İran tərəfi isə cavab açıqlamasında yüksək zənginləşdirilmiş uranı verməyəcəyini, nüvə obyektlərini sökməyəcəyini və Hörmüz boğazına nəzarətdən imtina etməyəcəyini vurğulayıb.
“Bunlar bizim üçün əsas şərtlərdir və heç bir halda kompromisə getməyəcəyik”, - İran tərəfi qeyd edib.