“Azərbaycanda
çoxuşaqlı ailələr kifayət qədərdir və bu ailələr cəmiyyətin ən həssas təbəqələrindən
birini təşkil edir. Bu reallıq fonunda əsas məsələ say deyil, həmin ailələrin həyat
şəraitinin nə dərəcədə diqqətdə saxlanılmasıdır. Sumqayıtda 9 uşaqlı ailədə baş
verən və 6 uşağın dəm qazından zəhərlənməsi, birinin isə dünyasını dəyişməsi
ciddi bir boşluğu üzə çıxardı. Ailənin ağır vəziyyətdə yaşaması, valideynlərin
adekvat olmaması, uşaqların məktəbdən kənarda qalması onu göstərir ki, problem
tək bir hadisə deyil, vaxtında görünməyən və ya görünsə də izlənməyən bir vəziyyətdir”.
News365.az xəbər verir
ki, bu fikirləri millət vəkili Razi Nurullayev səsləndirib.
O, əlavə
edib ki, bu cür ailələr sistem daxilində əvvəlcədən görünən və izlənən
kateqoriya olmalıdır:
“Sosial xidmətlər
yalnız müraciət əsasında deyil, real ehtiyacın olduğu yerlərdə özləri aktiv şəkildə
ortaya çıxmalıdır. Ailənin yaşayış şəraiti, uşaqların təhsili, sağlamlığı və təhlükəsizlik
vəziyyəti kağız üzərində yox, yerində qiymətləndirilməlidir.
Burada əsas
məsələ tək bir qurumun fəaliyyəti deyil. Sosial müdafiə, təhsil, səhiyyə və
yerli icra strukturları arasında real əlaqə və məlumat mübadiləsi qurulmadıqda
belə hallar gec görünür. Məktəbə getməyən uşaq, ağır şəraitdə yaşayan ailə, təhlükəli
ev mühiti – bunların hər biri ayrı-ayrılıqda siqnaldır və bu siqnallar bir
sistemdə birləşməlidir.
Ən vacib məqam
isə reaksiyanın vaxtıdır. Belə hadisələr baş verəndə dövlət orqanı dərhal
reaksiya verir və köməklik göstərir – bu, normal yanaşma olmalıdır. Təəssüf ki,
bizdə çox vaxt reaksiya yalnız xahişdən, müraciətdən, diqqət çəkiləndən sonra
ortaya çıxır. Dövlətin nəzərdə tutduğu sosial yardım və xidmətlərə çıxış üçün vətəndaşın
qapı-qapı gəzməsi doğru deyil. İnsan ehtiyac içindədirsə, sistem onu özü
tapmalı və dəstək yanında olmalıdır.
Bu gün bir
çox halda insan çətin vəziyyətə düşəndə ilk olaraq sistemə yox, taleyə və yaxşı
insanların köməyinə güvənir. Halbuki vətəndaş bilməlidir ki, tək deyil və onun
arxasında işləyən, onu görən bir dövlət mexanizmi var.
Çoxuşaqlı
ailələrə yanaşma məhz bu məntiq üzərində qurulsa, həm sosial ədalət güclənər, həm
də belə acı hadisələrin qarşısı vaxtında alınar. Burada əsas olan sənəd üzərində
mövcudluq deyil, real həyatda hiss olunan diqqət və qayğıdır”.
News365.az