"Azərbaycan və Ermənistan arasında uzun illərdən sonra ilk dəfə kiçik həcmli ticarət əməliyyatı həyata keçirilib. Məlumata görə, Azərbaycan Ermənistandan 960 ABŞ dolları dəyərində məhsul idxal edib."
Politoloq Turan Rzayev bunu News365.az-a açıqlamasında deyib.

"Bu addım tərəflər arasında iqtisadi əlaqələrin bərpası istiqamətində ilkin və “test xarakterli” mərhələ kimi qiymətləndirilir.
Eyni zamanda, cari ilin I rübündə Azərbaycandan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu göstərici Azərbaycanın ümumi ixrac gəlirlərinin təxminən 0,1%-ni təşkil edir.
Mütəxəssislərin fikrincə, uzun illər davam edən siyasi və hərbi gərginlikdən sonra iqtisadi əlaqələrin dərhal geniş miqyas alması real görünmür. Lakin paralel olaraq diplomatik proseslərin davam etməsi fonunda ticarət əlaqələrinin mərhələli şəkildə qurulması müsbət inkişaf kimi dəyərləndirilir.
Politoloq Turan Rzayevin sözlərinə görə, hazırkı mərhələ tərəflərin iqtisadi əməkdaşlıq imkanlarını və riskləri yoxlamaq məqsədi daşıyır. O bildirib ki, bu cür təmaslar gələcəkdə münasibətlərin daha geniş iqtisadi əməkdaşlığa çevrilməsi üçün baza yarada bilər.
Qarşıdan Ermənistanda parlament seçkilərinin gəlməsi isə prosesin gələcəyi baxımından mühüm siyasi faktor kimi qiymətləndirilir."