2024-cü ilin dekabrında Rusiya səmasında Azərbaycan mülki təyyarəsinin vurulması ilə bağlı hadisə iki ölkə münasibətlərində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Bu barədə politoloq Əhməd Şahidov News365.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, baş verən insident Azərbaycan–Rusiya əlaqələri üçün ciddi sınaq mərhələsi olub və rəsmi Bakı öz vətəndaşlarının hüquqlarının müdafiəsi istiqamətində prinsipial mövqe nümayiş etdirib.

Ekspert qeyd edib ki, hadisənin ilk günlərində Moskva məsələni etiraf etmək əvəzinə informasiya müstəvisinə yönəltməyə və faktları gizlətməyə çalışıb. Onun fikrincə, bu cür hallarda dövlətlərin hərbi və iqtisadi gücündən daha çox şəffaflıq və operativ reaksiya ön plana çıxır.
Şahidov vurğulayıb ki, Azərbaycan tərəfi hadisənin obyektiv araşdırılması, məsuliyyətin qəbul edilməsi və kompensasiyanın ödənilməsi ilə bağlı qəti mövqe sərgiləyib. O bildirib ki, bu istiqamətdə siyasi iradə açıq şəkildə ortaya qoyulub.
Politoloqun sözlərinə görə, Rusiya isə beynəlxalq öhdəliklər çərçivəsində üzərinə düşən addımları vaxtında və tam şəkildə yerinə yetirməyib. Lakin sonrakı mərhələdə regionda və dünyada baş verən geosiyasi dəyişikliklər Moskvanın mövqeyinə təsir göstərib.
Ekspert əlavə edib ki, Ukrayna müharibəsi fonunda artan təzyiqlər, sanksiyalar, həmçinin Cənubi Qafqazda yeni reallıqlar və Azərbaycanın artan regional rolu Rusiyanı Bakı ilə münasibətlərə daha həssas yanaşmağa vadar edib.
Onun fikrincə, bütün bu amillər nəticəsində Rusiya Azərbaycanla əlaqələrin əhəmiyyətini yenidən qiymətləndirmək məcburiyyətində qalıb.