Cənubi Qafqazda yeni mərhələ: İqtisadi inteqrasiya və sabitlik üçün imkanlar artır

Cənubi Qafqazda yeni mərhələ: İqtisadi inteqrasiya və sabitlik üçün imkanlar artır
15:13

Cənubi Qafqazda nəqliyyat və kommunikasiya xətlərinin inkişafı regionda yeni iqtisadi və siyasi mərhələnin formalaşmasına səbəb ola bilər.

Bu barədə politoloq Ülviyyə Zülfiqar News365.az-a açıqlamasında bildirib.


Onun sözlərinə görə, nəqliyyat dəhlizlərinin açılması və kommunikasiya xətlərinin qurulması tərəflər arasında münasibətlərin yeni mərhələyə keçidini şərtləndirir. Bu proses təkcə iki ölkə arasında deyil, ümumilikdə regionda iqtisadi inteqrasiyanı gücləndirmək potensialına malikdir.

Politoloq qeyd edib ki, iqtisadi əlaqələrin genişlənməsi, ixrac imkanlarının artması və qarşılıqlı əməkdaşlığın dərinləşməsi prosesin uzunmüddətli xarakter almasına şərait yaradır. Bu isə Cənubi Qafqazın nəqliyyat və ticarət mərkəzinə çevrilməsi perspektivini ön plana çıxarır.

Ü.Zülfiqar vurğulayıb ki, baş verən dəyişikliklər üçüncü tərəflər üçün də yeni imkanlar açır və regiona marağı artırır. Onun fikrincə, nizamlama prosesinin təsiri daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir.

“Əgər bu proses uğurla davam edərsə, Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün real zəmin formalaşa bilər. Bu da regiona maraq göstərən böyük güclərin siyasətinə təsir göstərəcək”, – deyə o əlavə edib.

Politoloq hesab edir ki, sabitlik amili enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi baxımından regionu daha cəlbedici edir və onun strateji əhəmiyyətini artırır.

Sonda qeyd olunub ki, prosesin davamlı və geri dönməz xarakter alması üçün bütün tərəflərin fəal iştirakı və düzgün istiqamətləndirilməsi vacibdir. Bu isə regionun həm təhlükəsizlik, həm də iqtisadi-siyasi baxımdan yeni mərhələyə keçidi deməkdir.


Sizin reklam burada
Sizin reklam burada