İradə İsaqdan valideynlərə: “Uşaqlarınıza Çin işgəncəsi verməyin”

İradə İsaqdan valideynlərə: “Uşaqlarınıza Çin işgəncəsi verməyin”
09:50

Son vaxtlar uşaqların gələcək karyerası üçün hansı xarici dilin daha faydalı olacağı ilə bağlı müzakirələr genişlənib. Jurnalist İradə İsaq isə bu məsələdə fərqli mövqedən çıxış edərək valideynlərin uşaqlarını Çin dilinə yönləndirməsini tənqid edib.

News365.az xəbər verir ki, jurnalist  İradə İsaq sosial şəbəkə hesabında paylaşdığı yazıda Çin dilinin öyrənilməsinə artan marağı özünəməxsus şəkildə şərh edib.

Jurnalist bəzi imkanlı şəxslərin Çin dilini əsasən çinli tərəfdaşlarla biznes əlaqələrini asanlaşdırmaq məqsədilə öyrəndiyini bildirib. Onun sözlərinə görə, bəzi valideynlər də eyni yanaşma ilə uşaqlarının Çin dilini bilməsinin gələcəkdə onlara üstünlük verəcəyini düşünürlər.

İradə İsaq xarici ölkələrdə Çin dilinin öyrənilməsi ilə bağlı şəxsi müşahidələrini də bölüşüb:

“Mən Amerikada da Çin dilini öyrənən kimsəni görmədim, Avropada da, heç Türkiyədə də”.

Jurnalist uşaqların çətin hesab etdiyi bir dili sırf gələcəkdə lazım ola biləcəyi düşüncəsi ilə öyrənməyə məcbur edilməsinin doğru olmadığını düşünür.

“Yazıqdır uşaqlar. O ‘şııı’ deyilən dildə uşaqlarınıza Çin işgəncəsi verməyin”, – deyə o yazıb.

İradə İsaq gələcəkdə texnologiyanın inkişafı nəticəsində müxtəlif dillərdə danışan insanların bir-birini tərcüməsiz anlaya biləcəyi sistemlərin geniş yayılacağını ehtimal edib.

Jurnalist valideynlərə uşaqların inkişafında dil öyrənməklə yanaşı, digər bacarıqlara da diqqət ayırmağı tövsiyə edib:

“Uşağınıza mədəniyyət, etika, üzmək, idman vərdişi, musiqi aləti, rəqs, riyaziyyat, məntiq, bilik öyrədin. Bunun sonradan öyrənməsi olmur”.


Sizin reklam burada
Sizin reklam burada