Xızının kəndlərindən birində illər əvvəl dostumla birlikdə kiçik bir biznes qurmaq qərarına gəldik. Beş il ərzində torpaq sahəsi alaraq kənd təsərrüfatı və maldarlıqla məşğul olan, maddi cəhətdən ailəsini dolandırmaq istəyən ehtiyacı olan bir ailə tapdıq. Onlar orada qalırdılar, biz isə onlardan kirayə haqqı almırdıq. Kənd təsərrüfatını idarə edirdilər və hər ilin sonunda əldə olunan gəlirin üçdə ikisi bizə, üçdə biri isə onlara qalırdı. Bununla yanaşı, dostumla təhsil və digər sahələr üzrə layihələr hazırlayıb xarici ölkələrin iş adamlarına satmaqla məşğul idik. Beş il ərzində əldə etdiyimiz gəlirin 60 faizini biznesimizin inkişafına yatırırdıq. Təsərrüfatımızda təxminən 50 qoyun, 6 inək və 70-ə yaxın toyuq var idi.
Təəssüf ki, bu yaxınlarda çobanın ehtiyatsız davranışı nəticəsində yanğın baş verdi. O, siqareti söndürmədən yerə atmış, yorğunluq səbəbindən yuxuya getmişdi. Küləyin təsiri ilə siqaret samanın üzərinə düşmüş və yanğın başlamışdı. Fermanı söndürənə qədər bütün heyvanlar tələf oldu. İllərlə çəkdiyimiz əziyyət bir anın içində külə döndü. Buna baxmayaraq, çobandan təzminat tələb etmədik. Çünki həm mən, həm də dostum kasıb ailədən çıxmışıq və onun zəhmətini nəzərə alaraq halallıq alıb iş birliyimizi sona çatdırdıq. “Hər işdə bir xeyir var, Allahdan ümid kəsilməz” deyərək yolumuza davam etdik.
Bu yaxınlarda Facebook hesabımda bir video paylaşdım. Heç bir reklam etmədən video “kəşf et” bölməsinə düşdü və qısa müddətdə böyük maraq qazandı — 500 mindən çox baxış, 10 mindən çox bəyənmə topladı. Sonradan gördüm ki, Facebook rəhbərliyi tərəfindən bu videoya görə mənə pul köçürülüb. Maraqlısı isə odur ki, köçürülən məbləğ demək olar ki, yanğın nəticəsində dəyən zərərə bərabər idi. Yaşım artdıqca daha aydın anlayıram ki, Allahdan heç vaxt ümid kəsmək olmaz.
İnsan həyatının ən dərin paradokslarından biri budur ki, biz adətən qurduqlarımızla fəxr edirik, amma əslində bizi formalaşdıran şey dağılanlardır. Bir bina öz möhkəmliyini küləklərsiz sübut edə bilmədiyi kimi, insan da sarsılmadan kim olduğunu anlaya bilmir. Həyatın sərtliyi burada gizlidir — o, sənə kim olduğunu demir, səni elə vəziyyətlərə salır ki, özünü özün tanımalı olursan. Soren Kierkegaard deyirdi ki, insan ən çox ümidsizliyə düşdüyü anda öz “mən”i ilə üz-üzə qalır. Bu ümidsizlik sadəcə emosional hal deyil, varlığın dərin bir sınağıdır. Çünki insan hər şeyi itirdiyini düşündüyü anda anlayır ki, əslində itirilə bilməyən bir şey də var: onun seçim etmək azadlığı. Bu azadlıq isə ya insanı uçuruma aparır, ya da onu yenidən yaradır. Müasir psixologiyada “post-travmatik inkişaf” deyilən bir anlayış var. Bu insanın travmadan sonra sadəcə əvvəlki vəziyyətinə qayıtması yox, daha güclü və daha şüurlu bir varlığa çevrilməsi deməkdir. Araşdırmalar göstərir ki, böyük itkilər yaşayan bəzi insanlar həyatın mənasını daha dərindən dərk edir, münasibətlərə daha həssas yanaşır və daha məqsədli yaşayır. Yəni travma yalnız dağıtmır, eyni zamanda yenidən qurur — əgər insan bu prosesi şüurlu şəkildə yaşaya bilirsə. Viktor Frankl nasist düşərgələrində hər şeyini itirdi — ailəsini, azadlığını, təhlükəsizliyini. Amma o, bir şeyi qorudu: həyatın mənasını axtarmaq iradəsini. Onun müşahidələrinə görə, ən çətin şəraitdə belə sağ qalanlar fiziki cəhətdən ən güclülər yox, mənəvi olaraq “niyə yaşadığını” bilənlər idi. Franklın bu fikri insan psixikasının ən dərin həqiqətlərindən birini açır: insan yalnız yaşamaq üçün yaşamır, o, bir məna üçün yaşayır. Quranı Kərimdə sınaq anlayışı təsadüfi hadisə kimi yox, insanın təkamülünün bir hissəsi kimi təqdim olunur. Hz. Əyyub (ə) haqqında olan rəvayətlər bu baxımdan çox təsirlidir. O, var-dövlətini, sağlamlığını, ailəsini itirdi, amma inamını itirmədi. Bu hekayənin gücü ondadır ki, burada mükafat dərhal gəlmir. Əsas vurğu insanın itkilər qarşısında kimə çevrildiyinə yönəlib. Çünki islam dininin də ən böyük qələbə xarici şəraitin düzəlməsi yox, daxili sabitliyin qorunmasıdır. İkinci Dünya Müharibəsi insanlığa saysız-hesabsız faciələr yaşatdı. Amma bu dağıntıdan sonra insan hüquqları anlayışı gücləndi, beynəlxalq təşkilatlar yarandı və müharibənin dəhşətlərini azaltmaq üçün yeni sistemlər quruldu. Bu müharibə bir həqiqəti göstərir ki, bəzən bəşəriyyət ən böyük dərslərini ən böyük ağrılarından alır. İnsanın daxili dünyasında isə bu proses daha səssiz, amma daha mürəkkəb baş verir. İnsan itki yaşadıqda onun içində iki səs yaranır. Biri deyir: “Hər şey bitdi.” Digəri isə pıçıldayır: “Yenidən başla.” Bu iki səs arasında seçim etmək insanın taleyini müəyyən edir. Çünki insanı məhv edən itki deyil, o itkiyə verdiyi mənadır. Burada maraqlı bir psixoloji fakt var: insan beyni mənasız ağrını daha çətin qəbul edir. Əgər bir insan yaşadığı çətinliyə məna verə bilirsə, o ağrıya dözmək daha asan olur. Bu səbəbdən bəzi insanlar eyni hadisədən sonra dağıldığı halda, digərləri güclənir. Fərq hadisədə yox, onun necə şərh olunmasındadır. Marcus Aurelius yazırdı ki, insanın başına gələnlər onun nəzarətində deyil, amma o hadisələrə reaksiyası tamamilə onun əlindədir. Bu fikir insanı passivliyə yox, daxili məsuliyyətə çağırır. Çünki həyatın sənə nə verdiyini seçə bilməzsən, amma onun səni kimə çevirdiyini müəyyən edə bilərsən.
Bəzən insan gec anlayır ki, bəzi itkilər əslində azadlıqdır. İnsan yanlış münasibətlərdən, uyğun olmayan mühitdən, ona aid olmayan rollardan ayrıldıqda əvvəlcə bunu itki kimi görür. Amma zaman keçdikcə anlayır ki, bu, əslində yükdən qurtulmaq idi. Hər şeyin qalması inkişaf deyil — bəzən getməsi lazımdır ki, yeni bir şey doğulsun. Bu nöqtədə ümid anlayışı sadəcə emosional təsəlli deyil, varoluşun əsas dayaqlarından birinə çevrilir. Ümid insanın gələcəklə qurduğu görünməz bağdır. O, reallığı dəyişməsə də, insanın reallıqla münasibətini dəyişir. Ümid edən insan qaranlıqda belə istiqamət hissini itirmir. Nəticədə həyatın insana verdiyi ən böyük dərs budur ki, insan başına gələnlərdən ibarət deyil, o hadisələrə verdiyi cavabların cəmidir. Hər itki bir sualdır və hər insan bu suala öz cavabını verir. Kimisi bu cavabla özünü dağıdır, kimisi isə özünü yenidən yaradır.
İnsanın gücü onun heç vaxt yıxılmamasında deyil, hər yıxıldıqdan sonra əvvəlkindən fərqli qalxa bilməsindədir. Çünki eyni insan kimi qalxan artıq öyrənməyib. Dəyişən, dərinləşən və anlayan insan isə artıq sadəcə yaşamır — o, həyatın mənasını daşıyır.
Həsən Nağıyev, filosof