Ən çox qorxduğumuz baş verdi: İrandan ərazimizə zərbə endirildi. İran deyir ki, zərbəni o endirməyib. Deməli, iki əsas versiya var: 1) zərbəni İran endirib; 2) zərbəni İranı işğal edənlər endirib. Hər bir halda zərbə təsadüfi deyil (necə ki, məsələn, dünən Türkiyədə ələ keçirilmiş raketlərin əsl təyinatı Yunan Kipri idi, yəni hədəf Türkiyə deyildi). Çünki müharibə bizim sərhədlərimiz boyu getmir. Həm də təsadüfi zərbə Naxçıvanın məhz hava limanına niyə vurulsun ki?!
Birinci versiya – zərbəni İran dövləti vurub. Bəli, ilk baxışdan bu versiya inandırıcı görünmür. Əvvəla, ona görə ki, İran bunu inkar edir. Məsələn, ərəb monarxiyalarına zərbə vurduğunu etiraf edir və belə əsaslandırır ki, onların ərazisində ABŞ hərbi bazaları var. Həm də elə dünən Prezidentimiz İran səfirliyinə baş çəkib Xameneinin qətli ilə bağlı baş sağılığı verib. Yəni İranla dost olmasaq da, düşmən də deyilik axı. Ən əsası isə - Naxçıvana zərbə vurmaqla İran nə qazanır ki? Onsuz da hərbi silah və sursatlarının miqdarı məhduddur. Yəni sağlam məntiqlə İran bunu etməməli idi. Amma İran 50 ilə yaxındır ki, dini fanatiklərin rəhbərliyi altındadır. Onlardan nə desən gözləmək olar. Həm də Xameneidən sonra orada vahid rəhbərlik artıq yoxdur. Ən təhlükəsi də elə budur. Sərəncamında hərbi alətlər olan hər kəs müstəqil qərar vermək imkanına malikdir. Onların psixoloji durumu da indi çox gərgindir. Nəhayət, ola bilər ki, zərbəni İran ona görə endirib ki, Azərbaycan da özünü rahat hiss etməsin və müharibənin tezliklə bitməsinə imkanı daxilində səy göstərsin. Axı aydın məsələdir ki, müharibə uzandıqca, ABŞ və İsrail özünü tam biabır etsələr də, əvvəl-axır İran rejimini məhv edəcəklər. Deməli, hər bir halda bu versiya doğru ola bilər.
İkinci versiya – zərbəni ABŞ və İsrail, yaxud hər bir halda onlara işləyən qüvvə endirib. Səbəb də az deyil: 1) Azərbaycanla İranın arasını vurmaq; 2) İran azərbaycanlılarını rejimə qarşı qaldırmaq (kürdlərdən fərqli olaraq, soydaşlarımız rejimə qarşı üsyan etmirlər). Elə Prezidentimizin İran səfirliyini ziyarət etməsi də işğalçıları qıcıqlandıra bilərdi. Məlumdur ki, Tramp və Netanyahu hiyləgər, riyakar olmaqla yanaşı öz ölkələrində də cinayət təqibi altında olan şəxslərdir. Hər ikisi də İran mollaları kimi dini fanatizmə meyllidir. Onlardan da nə desən gözləmək olar. Axı özləri deyir ki, İranın hava məkanına tam nəzarət edirlər. Belə şəraitdə hansısa dronu (özü də İran istehsalı olan) İran ərazisindən Azərbaycana göndərmək elə də böyük problem deyil. Hətta dronu onların İranda olan adamları da üstümüzə göndərə bilərdi. Axı İranda xəyanətkarların da sayı az deyil, əks halda, işğalçılar İrana bu qədər zərər vura bilməzdilər. Hər bir halda ABŞ və İsraili ürəkdən dəstəkləyən dövlətlərin sayı çox azdır. İspaniya kimi dövlət isə hətta kəskin etirazını da bildirir (yeri gəlmişkən, sabah İrandan İspaniyaya da zərbə endirilsə təəccüblənmərəm). Buna görə də işğalçılar üçün onları birbaşa dəstəkləyən dövlətlərin sayını artırmaq olduqca vacibdir. Azərbaycan isə regionda böyük nüfuza malikdir. Deməli, bu versiya da doğru ola bilər.
Buna görə də səbrli və soyuqqanlı olmalıyıq. Bu, bizim müharibəmiz deyil. Vuruşan heç bir tərəf dostumuz deyil. Hamısı bizi istifadə etmək istəyir. Biz də gərək buna yol verməyək. Müharibə uzandıqca, təhlükələr də artır. İndi dron gəlir, sabah raket də gələ bilər və onu da kimin göndərdiyini dəqiq bilməyəcəyik. Çünki İran artıq işğal altında olan dövlətdir və get-gedə bu, yalnız hava məkanına aid olmayacaq: quru ərazisi də düşmən əlinə keçəcək. Deməli, kimin oradan hara hansı raketi atmasını da dəqiq müəyyən etmək olmaycaq.
Allah Azərbaycanımızı qorusun!
Əkrəm Həsənov, hüquqşünas