ABŞ və İran arasında gözlənilən danışıqlarla bağlı ziddiyyətli açıqlamalar davam edir. Rəsmi mövqelər və ictimaiyyətə təqdim olunan məlumatlar arasında müəyyən fərqlər müşahidə olunur.
Politoloq Elşad Həsənov News365.az-a açıqlamasında bildirib ki, tərəflərin yanaşmalarında ciddi fikir ayrılıqları qalmaqdadır.
Onun sözlərinə görə, ABŞ danışıqlar prosesinin davam etdirilməsində maraqlı görünür, İran isə Vaşinqtonun maksimalist tələblərini əsas gətirərək güzəştə getməyəcəyini vurğulayır.
Ekspert qeyd edib ki, ötən gün ABŞ prezidenti tərəfindən vitse-prezident Mayk Pensin İslamabadda keçiriləcək ikinci görüşdə iştirak etməyəcəyi açıqlansa da, daha sonra Ağ ev bu məlumatı təkzib edərək Pensin nümayəndə heyətinə rəhbərlik edəcəyini bildirib.
İran tərəfi isə ABŞ-ın irəli sürdüyü şərtləri əsas gətirərək danışıqlarda iştirak etməyə tərəddüd etdiyini açıqlayıb. Bununla belə, politoloq hesab edir ki, görüşün baş tutma ehtimalı yüksəkdir, lakin konkret nəticələrin əldə olunması inandırıcı görünmür.
Onun fikrincə, hər iki tərəf danışıqların uzadılmasında maraqlıdır. Bu kontekstdə ABŞ-ın İran gəmisini ələ keçirməsi ilə bağlı yayılan məlumatlar da diqqət çəkir. Bildirilir ki, həmin gəmidə Çindən gətirilən və raket sistemləri üçün istifadə oluna biləcək komponentlər aşkarlanaraq müsadirə olunub.
Elşad Həsənovun qənaətinə görə, mövcud gərginlik və qarşılıqlı ittihamlar fonunda tərəflər arasında yaxın zamanda razılaşmanın əldə olunması real görünmür.