Türkiyədə məktəblərə hücumlar artır – ekspert təhlükə siqnalı verir

Türkiyədə məktəblərə hücumlar artır – ekspert təhlükə siqnalı verir
20 Apr 2026 12:36

Türkiyədə son günlər məktəblərdə baş verən silahlı insidentlər ciddi narahatlıq doğurur. Mütəxəssislər bu hadisələrin təsadüfi olmadığını və daha geniş risklərin göstəricisi ola biləcəyini bildirirlər.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında qeyd edib ki, 14 aprel tarixində Şanlıurfa, 15 apreldə isə Kahramanmaraş şəhərlərində məktəblərdə baş verən hücumlar arasında ciddi oxşarlıqlar var.

Onun sözlərinə görə, Kahramanmaraşdakı hadisədə 8-ci sinif şagirdi bir neçə nəfərə hücum edib, daha sonra zərərsizləşdirilib. Şanlıurfada isə keçmiş şagirdin silahlı hücumu nəticəsində xəsarət alanlar olub və hücum edən şəxs həyatına son qoyub.

Ekspert bildirib ki, İzmir şəhərinin Torbalı rayonunda məktəbə hücum hazırlığında şübhəli bilinən bir qrupun saxlanılması risklərin davam etdiyini göstərir.

Onun fikrincə, hadisələrin qısa zaman kəsiyində, eyni yaş qrupuna aid şəxslər tərəfindən törədilməsi təsadüfi deyil. Araşdırmalar zamanı hücumları törədən şəxslərin uzun müddət PUBG oyununa aludə olduqları müəyyən edilib.

Politoloq vurğulayıb ki, məsələ təkcə oyunun özündə deyil, onun yaratdığı ünsiyyət mühitindədir. Bu tip platformalarda müxtəlif təsir mexanizmlərinin mövcudluğu, xüsusilə yeniyetmələrin manipulyasiyaya açıq olması əlavə risklər yaradır.

İŞİD kimi radikal qruplaşmaların və ya xarici təsir mərkəzlərinin bu cür platformalar vasitəsilə gənclərlə əlaqə qurmaq ehtimalının da nəzərə alınmalı olduğunu deyən Rzayev əlavə edib ki, bu yaş qrupu ideoloji təsirlərə daha həssasdır.

O, daha əvvəl Nepal və Madaqaskarda “Z nəsli”nin etirazları ilə bağlı oxşar tendensiyaların Türkiyə və İranda da müşahidə oluna biləcəyini proqnozlaşdırdığını xatırladıb. Politoloqun sözlərinə görə, son hadisələr bu ehtimalları gücləndirir.

Ekspert hesab edir ki, baş verənlər daha dərin araşdırılmalı və kompleks şəkildə təhlil edilməlidir. Onun fikrincə, proses gənclər üzərindən aparıldığı üçün bu cür hadisələr gələcək baxımından ciddi təhlükə yarada bilər.



Sizin reklam burada
Sizin reklam burada