"Xalq diplomatiyası"- Dünən və bu gün

"Xalq diplomatiyası"- Dünən və bu gün
09:18
Qarabağın tam azad edilməsindən sonra Ermənistan və Azərbaycan arasında sülhü bərpa etmək üçün Vaşinqton razılaşmasından sonra vətəndaş cəmiyyəti üzvləri və qurumları arasında iki tərəfli görüşlər başlandı. Ermənistana səfər edən bizimkilər, ordan Bakıya gələn ermənilər regionda sülhü bərqərar etmək üçün danışıqlar aparır. Regionda sülhün olması mütləqdir və artıq qan tökülməsinə son qoyulmalıdır. Bu Azərbaycan xalqının mövqeyidir və buna da əməl edir. Lakin qarşı tərəf buna nə zamana qədər əməl edəcək?
Əsas sual budur.
"Sülh Körpüsü” təşəbbüsü adlanan bu missiya Azərbaycan tarixində bir ilk deyil.
1918-ci il Bakıda və Azərbaycanın müxtəlif yerlərində ermənilərin törətdikləri dəhşətli qətliam və soyqırımdan sonra Bakıda və Gəncədə nüfuzlu ziyalılardan ibarət heyətlər formalaşdırılmışdı.
Həmin dövrdə Azərbaycan və Ermənistan arasında birbaşa sülh yaratmaq məqsədilə fəaliyyət göstərən daimi bir beynəlxalq təşkilat olmasa da, münaqişələri tənzimləmək üçün müəyyən komissiyalar, müvəqqəti qurumlar və diplomatik təşəbbüslər mövcud olub.
Yaradılan bütün qurumlar və komissiyalar isə əsasən diplomatik korpusa daxil olan dövlətlər təzyiqi və ya yerli hökumətlərin müvəqqəti atəşkəs cəhdləri idi.
Bakıda Müsəlman Milli Şurası ilə erməni nümayəndələri arasında təmasları təmin edən qruplar var idi. Bu komitələrin əsas məqsədi bu idi ki, atəşkəs elan olunsun, əsir düşmüş dinc sakinlər geri qaytarılsın və daha iki tərəf arasında qırğınlar olmasın..
1918-ci ilin aprel-may aylarında Tiflisdə fəaliyyət göstərən Seymdə Ermənistan və Azərbaycan heyətləri bir araya gəldi və onlar birgə yaşayışın formulunu tapmaq üçün "Barışıq Komissiyaları" yaratdılar.
Əsasən iki qurum bu işdə aktiv idi
Müsəlman Milli Şurası və Erməni Milli Şurası. Bunların üzvləri ən azı həftədə bir dəfə görüş keçirir, ziyalıları dəvət edir və çıxış yolu barədə təkliflər irəli sürürdülər
Hətta Cümhuriyyətin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə və digər azərbaycanlı ziyalılar erməni kilsə xadimləri və siyasi liderləri ilə atəşkəs imzalanması üçün görüşlər aparırdılar.
Bu işdə isə xüsusi olaraq İran Konsulluğunun vasitəçiliyi diqqəti çəkir. Bakıdakı İran konsulluğu da tərəfləri bir araya gətirmək üçün neytral platforma rolunu oynayırdı.
1919-cu ilin noyabrında Tiflisdə Azərbaycanın Baş naziri Nəsib bəy Yusifbəyli və Ermənistanın Baş naziri Aleksandr Xatisyan üz-üzə gəldilər. Onlar bir-birinin əlini sıxaraq "müharibəyə son" bəyanatı verdilər.
Vəssalam. Hər kəs daha regionda sülhün olacağına və müharibənin, qanlı döyüşlərin olmasına əmin idi. Bizim tərəf Ermənistana yardımlar edir, logistika istiqamətində mühüm kömək edirdilər..
Sonra nələr oldu ?
Qarabağı və Naxçıvana ərazi iddiaları Ermənistan tərəfdən başlandı. Bakıda ermənilər bütün əsas vəzifələri ələ keçirib bölgəni demoqrafik strukturunu dəyişmək məqsədilə etnik təmizləməyə başladılar ki, gələcəkdə "burada ermənilər çoxluq təşkil edir" arqumentini irəli sürə bilsinlər.
Qafqaz İslam Ordusu və Nuru paşa olmasa idi bəlkə bu reallaşa bilərdi. Qarabağ tamamilə ermənilərdən azad edildi, Xankəndində Azərbaycan bayrağı 1920- ci ildə qaldırıldı və Zəngəzur belə azad edilməkdə idi..
Bolşevik işğalı qələbəni tam yaşamağa izni vermədi. Yenidən iki tərəf arasında sülh korpusu çərçivəsində danışıqlar başladı, yenidən sülh imzalandı. Yenidən Ermənistana Azərbaycan yardım etməyə başladı..
Davamı necə oldu?
Sovetlərin dəstəyi ilə Azərbaycan torpaqlarının bir hissəsi ermənilərə verildi, Qarabağa kütləvi köç başladı, sonra DQMV yaradıldı, ermənilər 1988-ci ildən yenidən müharibəyə başladılar. Deportasiya, qırğınlar, soyqırımlar, işğal, müharibə, yenidən biz Qalib olduq, torpaqları azad etdik və indi də Sülh korpusu yaradıldı..
Tarix təkrar olunur, kaş bundan sonra əvvəlki illər kimi olmasın. Biz nə qədər sülh istəsək də, qarşı tərəf içində və qanında olan xisləti göstərir. Bir daha olmasın istəyi ilə, bu sülh korpusuna düşmənə tam inanmamağı məsləhəti görürəm...
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada