Həzrət Peyğəmbər: "Mən elmin şəhəriyəm, Əli qapısıdır" - buyurub. "Mən savaşın şəhəriyəm, Əli də qapısıdır" deməyib. Amma İmam Əlinin qələmlə, kitabla müdrik görkəmdə deyil, qılıncla zəhmli rəsmlərini çəkərək, haqqında nağıllar uydurub onu real tarixi şəxsiyyət olmaqdan uzaqlaşdırıb qan tökən bir nağıl qəhrəmanı kimi, qəddar bir obrazda təqdim etdilər. (Onsuz da İslama görə bu şəxsiyyətlərin şəklini çəkmək qəbahət sayılır.)
Uydurulan nağıllar da qılınc, savaş, döyüş, qan qoxuyur. Bircəciyində qələm, kitab mövzusu yoxdur. Harda ortadan haçalanmış qaya varsa nağıl uydurublar ki, onu İmam Əli qılıncı ilə parçalayıb. Harda ayaq izi varsa onu da izah ediblər ki, guya Həzrət Əlinin atının izidir. Barı bircə daşa da "oxuyun, təhsil alın" yazıb deyəydiniz ki, bunu da İmam Əli yazıb, qələminin izidir. Axı o böyük şəxsiyyət elm şəhərinin qapısıdır, qan şəhərinin deyil. Axı o böyük şəxsiyyətin belə kiçik nağıllara ehtiyacı yoxdur. Onun irsini, həyat yolunu olduğu kimi, xurafatsız, mübaliğəsiz, nağılsız təqdim etsəydiniz bu kifayət edərdi. Çünki onun, bəşəriyyətin mənəvi zənginliyi üçün parlaq missiyası nağıla, əfsanəyə, daşa-kəsəyə, kiminsə aciz vəkilliyinə möhtac deyil. İmam Əliyə vəkil lazım deyil. Vəkili Allah olana vəkillik etmək cəhdi Ulu Yaradana şəriklik iddiasıdır. Nağılı, əfsanəni o adama qoşarlar ki, real nailiyyətləri, tarixdə mühüm bir izi yoxdur. Onu diqqət mərkəzində saxlamaq üçün haqqında müəyyən rəvayətlər qondararlar.
Uydurulmuş nağıllar da cəhalət qoxuyur, xurafat oyadır. Ancaq at, qılınc, savaş, döyüş... Filan yerdə əjdaha ilə savaş, əllan yerdə cinlərlə savaş... Bəyəm Həzrət Əli ömür boyu qılınc çalıb, qan töküb? Niyə İslamın elm, irfan, mədəniyyət, hikmət obrazını qan və qılıncla əvəzləyib o pak insanların da humanist, parlaq simasını xurafat zülmətinə bürüdünüz?
Bəyəm dünyaya göz açanda Əlinin ilk gördüyü qələm, yazı, şeir, ədəbiyyat deyildimi? Peyğəmbərdən də əvvəl ərəb şairləri Məkkədə Ukaz, Zülməcaz, Məcənnə bazar-meydanlarında, əhalinin çox toplaşmış olduğu Kəbə ətrafında şeir müsabiqələri keçirçirmirdimi? "Əl Muallaqat" adlanan şeirlər yazılmış lövhələri Kəbə divarından asmırdılarmı? İmam Əlinin atası Əbu Talibin özü həm də şair deyildimi? İmam Əli də həmin ərəfədə, rəvayətdə deyildiyi kimi Kəbədə doğulmadımı? Şeirləşmə-müşairə, müsabiqələr hətta İslam gəldikdən sonra da Kəbə ətrafında davam edirdi. Xüsusən Həcc ərəfəsində müxtəlif yerlərdən gəlmiş istedadlı müsəlmanlar öz istedad və bacarıqlarını nümayiş etdirir, dinin, Peyğəmbərin şəninə qəsidələr, qəzəllər, şeirlər söyləyirdilər. Həzrət Əli də məhz belə bir mühitdə yetişdi. Onun özünün də fəlsəfi, ibrətamiz çoxlu şeirləri var. Məşhur rəcəzləri var. O, hətta özündən əvvəl yaşamış və müasiri olan ərəb şairlərinin qəsidələrini əzbər bilirdi. Çıxışlarında, xütbələrində həmin şairlərdən sitatlar, misallar gətirir, ara-sıra özündən, bədahətən şeirlər də söyləyirdi. Bunlar hamısı indiyə gəlib çatmış mənbələrdə var.
İmam Əli əlinə qılıncdan əvvəl qələm götürüb. Tarix sübut edir ki, o çox gənc yaşda, hətta uşaq yaşlarında oxuyub yazmağı öyrənmişdi. Məhz bunun nəticəsi idi ki, Quran nazil olan ərəfədə onun 10-12 yaşları olarkən ayələrin ilk katiblərindən oldu. Peyğəmbərin ailəsində böyüyən Əli Vərəqə bin Novfəl kimi dövrün ziyalılarının Həzrət Muhəmməd ilə elmi, fəlsəfi, dini müzakirələrinə şahid olurdu.
Hələ heç kəsin müsəlman olmadığı əyyamda ki, yalnız Peyğəmbərin ailəsi müsəlman idi, kimə Quran yazdırmaq olardı? Təbii ki, oxumaq, yazmaq bilən Əli ilk ayələri uyğun bildikləri əşyalara yazırdı. Məhz qələmlə yazırdı, qılıncla deyil...
Peyğəmbər 53-55 yaşlarına qədər əlinə qılınc almamışdı. Əli də onun yanında idi. 40 yaşında Peyğəmbər olan Həzrət Muhəmməd 13 il Məkkədə qılıncsız, işgəncələrə sinə gərib məhz Əli və digər ilk müsəlmanların qələmi ilə təbliğat apardı.
Mədinə dövründə də İmam Əli nazil olan ayələri səhifələrə köçürür, bölgə liderlərinə, tayfa başçılarına yazılan məktub və bəyanatların katibi kimi fəaliyyət göstərirdi. Hətta məşhur Hudeybiyyə müqaviləsində Məkkə müşrikləri ilə anlaşma zamanı imzalanacaq sülh sənədini də o yazmışdı. Məkkəlilər mətndə Həzrət Muhəmmədin adının qarşısında "Allahın rəsulu" sözünə etiraz etmişdilər. Peyğəmbər kompromisə gedib İmam Əliyə o sözü silməsini, sadəcə "Abdullahın oğlu Muhəmməd ilə Məkkə əşrafı arasında müqavilə" yazmasını istəmişdi. Lakin Əli kafirlər qarşısında güzəşt etməmək üçün əmisi oğlunun peyğəmbər titulunun sənəddən silinməsinə razılaşmamış, bir növ buna əli gəlməmişdi. Nəhayət Peyğəmbər həmin sözün yazıldığı yeri ona göstərməsini istəmiş, nəticədə özü "Rasulullah" kəlməsinin üstündən xətt çəkmişdi.
İslamın yayılmasında kəskin məntiqi və dərin zəkası ilə mühüm rol oynayan Əli əleyhissəlam öz dövrünün imkanlarına görə elmlə, yazı ilə, təhsillə, tədrislə məşğul olurdu. Mədinə dövründə müsəlmanlara yazmaq, oxumaq öyrədənlərin biri də o idi.
Peyğəmbər vəfat edənə qədər Quran toplanıb kitab halına salınmamışdı. Çünki vəhy hələ davam edirdi. Nəsx, yəni ləğv edilən ayələr olurdu. Zamanına, nazil səbəbinə görə surələrin aralarına, öz yerinə qoyulan, çıxarılan ayələr olurdu. Bu kimi məsələlərə görə Quran müxtəlif hissələrdə, vərəqlərdə və əsasən hafizələrdə idi. Lakin Peyğəmbər vəfat edən kimi artıq bu prosesin başa çatdığını anlayan İmam Əli 6 ay evindən çıxmayaraq Quranı tam kitab şəklində topladı, hətta ayələrin nazil olma səbəbini, şərhini də dərkənar şəklində qeyd etdi.
Bu müshəf məhz təfsirlərin, şərhlərin də əsas mətnlə iki qapaq arasında olması səbəbi ilə qəbul edilmədi. Çünki bu akademik mətn idi. Yalnız Quranı bilən, nazil olmaya şahidlik edənlər istifadə edə bilərdi. Digər müsəlmanların savad, təhsil dərəcəsi yüksək deyildi və İmam Əlinin yazdığı təfsir və şərhlər sonra Quranın əsas hissəsi ilə qarışdırılar, Qurandan hesab edilə bilərdi. Buna nümunə olaraq demək olar ki, bu günki Quran müshəfində surə başındakı "bismillah" cümlələri bəzi alimlərə görə Qurandan, surədən bir hissə, digərlərinə görə isə hissə deyil, sadəcə sirələri ayırmaq üçündür. Yəni, ixtilaf hələ də davam edir. O ki, qaldı o dövrdə müshəfə təfsir, şərh əlavə edilsəydi indi İmam Əlinin yazdığı şərhlər heç şübhəsiz ki, vəhy kimi təqdim olunacaqdı.
Lakin özündən əvvəlki xəlifələr dövründə ümumi rəyə əsasən Quranı toplamaq üçün yaradılan komissiyanın əsas üzvlərindən biri də İmam Əli oldu. Öz iştirakı ilə bu günkü formada Quran müshəfi toplandı. Lakin Quran toplanıb vahid nüsxə halına salındıqdan sonra fərqli mətnlər, yazılar, vərəqlər çaşqınlıq yaratmasın deyə toplanıb məhv edildi. Yalnız İmam Əlinin nüsxəsindən başqa. Çünki o nüsxənin akademik nüsxə olması məlum idi. Və o Həzrət də ikili Quran nüsxəsi müsəlmanlar arasında çaşqınlıq, ixtilaf yaranmasın deyə yazdığı müshəfi heç zaman üzə çıxarmadı. Ola bilsin yalnız özü, ailəsi bundan istifadə edib, sonrakı taleyi isə məlum deyil. Bir neçə əsr sonra müəyyən tədqiqatçılar bu müshəfi tapmağa cəhd etsələr də faydasız olub. Kitabın guya İmamlar vasitəsi ilə 12 - ci İmama qədər gəlməsi, onunla birgə qeyb olması da sadəcə rəvayətdir. Bəlkə də Səna nüsxəsi kimi haçansa haradansa tapılacaq.
İndiki Osman müshəfi 30 cüzdən - hissədən ibarətdir. Surələr Fatihə istisna olmaqla uzundan qısaya doğru, Peyğəmbərin namazda qiraət etdiyi sıra ilə düzülüb. 114 surədən ibarətdir. Lakin İmam Əlinin topladığı müshəfin 7 cüzdən, 109 surədən ibarət olduğu haqda və vəhy sırası, yəni tarixi xronoloji ardıcıllıqla düzüldüyü barədə məlumatlar var. Fəqət ümumi mətn barədə indiki müshəflə heç bir fərqi olmayıb, yalnız sıralanma istisna. Yaxud iki surənin bir surə hesab olunması kimi hallar ümumi surə sayında fərq yaradıb. Çünki məşhur Quran katiblərindən olan Abdullah bin Məsudun da müstəqil olaraq topladığı müshəfdə surə sayı 112 idi. O, Fələq, Nas surələrini dua hesab edərək qeyd etməmişdi. Lakin komissiyasının rəyi təsdiq etdi ki, onlar da surədir. Yaxud digər katib Ubey bin Kəbin topladığı müshəf 116 surəydi. O məşhur qunut duaları olan iki duanı da surə zənn edərək əlavə etmişdi ki, komissiya onu əsas mətndən xaric hesab etdi. Hər kəs özündəki vərəqləri və iki adil şahid gətirir yaxud əzbərindəki sirələri oxuyurdu, komissiya da saf-çürük edir, dəqiqləşmə aparır, ümumi rəyə əsasən surələri tərtib edirdi.
Nəhayət İmam Əlinin də iştirak etdiyi, Zeyd bin Sabitin başçılığındakı komissiya vahid nüsxəni təsdiq etdi.
Həzrət Əlinin elmi fəaliyyəti bununla bitmir. Onun öz xəlifəliyi dövründə yazdığı nəsihətləri, xütbələri, şeirləri, məktubları, aforizmləri fərqli mənbələrlə təsdiq olunub. Şeirlər divanından pərakəndə şeirlər müxtəlif klassik mənbələrdə əksini tapıb. Xəlifə olduğu dövrün məşhur elmi, dini, siyasi xütbələri toplanan "Nəhcül Bəlağə" kitabı isə həm də xitabətin, fəsahət və bəlağətin əvəzsiz nümunəsi sayılır. Bunun nəticəsində sonrakı əsrlərdə mahir Mötəzilə alimi İbn Əbil Hədid bu əsərə çoxcildlik məşhur şərhini yazıb...
İmam Əlinin bütün dövrlər üçün lazımlı obrazını, zəngin mənəvi irsini təəssüf ki, nağıllara, rəvayətlərə bürüyüb doğru təqdim etməyiblər. Ömrünün çox qısa dövrünü qılıncla keçirib. Peyğəmbər dövründə qısa müddətli bir neçə döyüşdə, lakin böyük döyüş məharəti göstərərək, xəlifə olduğu 5 ilə yaxın zaman kəsiyində isə bir neçə ay davam edən cəmi 3-4 müharibədə qılınca əl atıb. Özündən əvvəlki xəlifələrin 25 illik xilafəti zamanı heç bir döyüşdə iştirak etməyib, qılınc götürməyib. Yalnız elmlə, irfanla, maarifçiliklə, qələmlə, kitabla məşğul olub. Qəzavət məsələlərində, yəni hüquqi problemlərin həllində xəlifələrin baş müşaviri olaraq hər zaman həlledici rol oynayıb. Hətta "Nəhcül Bəlağə" sübut edir ki, Sasani imperiyasının fəthi zamanı xəlifəyə streteji əhəmiyyətli məsləhətlər verib, onu şəxsən savaşa qatılmaqdan yayındırıb.
İştirak etdiyi bütün döyüşlərin müddətini toplasaq 62 illik ömrünün heç 2 ilini əlində qılınc keçirməyən, lakin 50 ilini qələmlə, kitabla, minbərlə, elmlə keçirən bu müdrik, humanist, nəcib şəxsiyyətin şəklini niyə minbərdə kitabla, kürsüdə qələmlə yox, at belində qılıncla çəkdilər? Axı Əli qana yox, elmə çağırırdı. Əli savaşa yox, kitaba çağırırdı. Əli qılınca yox, qələmə çağırırdı...
Ədalət fəryadı, həqiqət simvolu, humanistlik obrazı, insaf, vicdan mücəssəməsi, elm - irfan dəryası olan bu ali tarixi şəxsiyyəti niyə nağıl qəhrəmanı kimi təqdim etdilər?
"Su-su" deməklə susuzluq getmədiyi kimi "Əli - Əli" deməklə də Əli yolçusu olunmur, Əli eşqi olmur. Sirab olmaq üçün gərək suyu içəsən. Əlini də tanımaq, sevmək, yolçusu olmaq üçün gərək onu, öz ədalət meyarına, haq mizanına uyğun şəkildə öyrənəsən, dərk edəsən, duyasan, haysız-küysüz elə yaşayasan ki, "Mən Əli yolçusuyam" deyib qışqırmağa ehtiyac qalmasın. Elə yaşayasan ki, hər görən, tanıyan, eşidən desin ki, filankəs Əli yolçusudur...