İnsanların böyük əksəriyyəti həyatda məğlub olduqlarını düşünür. Amma həqiqətdə onların çoxu həyat tərəfindən yox, öz düşüncə tərzləri tərəfindən məğlub edilir. Çünki insanın taleyini çox vaxt qarşısına çıxan çətinliklər deyil, o çətinliklərə qarşı qurduğu daxili münasibət müəyyənləşdirir. Tarix boyu insanlar iki təhlükəli düşüncə arasında sıxılıb qalıb: biri hər şeyi taleyin öhdəsinə buraxan kor ümid, digəri isə həyatda heç nəyin dəyişməyəcəyinə inanan qaranlıq ümidsizlik. Ən qəribəsi budur ki, bu iki fərqli düşüncə insanı eyni yerə aparır: dayanmağa. Halbuki kainatın özü hərəkət üzərində qurulub. Planetlər dayanarsa kainat dağılardı. Ürək dayanarsa həyat bitərdi. Axan su təmiz qalır, duran su isə çürüyür. İnsan ruhu da belədir. Hərəkətsiz qalan ruh zamanla içindən dağılmağa başlayır. Müasir insanın ən böyük faciələrindən biri budur ki, o artıq həyatın iştirakçısı olmaqdan çox, tamaşaçısına çevrilib. Saatlarla başqalarının uğurlarını izləyir, motivasiya videoları dinləyir, böyük sözlər paylaşır, amma öz həyatına toxunmur. Çünki xəyal qurmaq asandır, dəyişmək isə ağrılıdır. Psixoloqlar deyir ki, insan beyni rahatlığı təhlükəsizlik kimi qəbul edir. Buna görə də bir çox insan bədbəxt olsa belə, dəyişməkdən qorxur. Çünki naməlum olan şey insan beynində təhlükə hissi yaradır. Elə buna görə bəzi insanlar illərlə sevmədiyi işdə işləyir, zəhərli münasibətlərdə qalır, arzularını ertələyir və sonra buna “taleyim belədir” adı verir. Halbuki bu çox vaxt tale deyil — qorxunun başqa adıdır. Məşhur bir psixoloji təcrübədə filləri kiçik yaşda nazik bir iplə bağlayırlar. Bala fil o ipi qırmağa çalışır, amma bacarmır. İllər keçir, fil nəhəng və güclü olur. Artıq o ipi bir saniyəyə qıra bilər. Amma yenə qaçmır. Çünki beynində bir fikir oturub: “Mən bacarmaram.” İnsanların çoxu da görünməyən iplərlə yaşayır. “Məndən heç nə çıxmaz”, “gecdir”, “mənim bəxtim yoxdur”, “bu həyatda ancaq seçilmişlər uğur qazanır” kimi düşüncələr insanın ruhunu zəncirləyir. Ən təhlükəlisi isə budur ki, insan bir müddət sonra həbsdə olduğunu belə hiss etmir. Fəlsəfə tarixində bu mövzuya toxunan ən güclü düşüncələrdən biri ekzistensializmdir. Bu düşüncəyə görə insan əvvəlcədən yazılmış bir həyat yaşamır. İnsan seçimləri ilə özünü yaradır. Yəni insanın kim olduğu, nə olacağı böyük ölçüdə onun verdiyi qərarların nəticəsidir. Amma insan çox vaxt azadlıqdan qorxur. Çünki azadlıq məsuliyyət deməkdir. Əgər insan öz həyatının memarıdırsa, o zaman uğursuzluğun günahını da həmişə başqasının üzərinə ata bilməz. Buna görə bəzi insanlar taleyi günahlandırmağa üstünlük verir. Çünki bəhanələr insanı vicdan qarşısında müvəqqəti rahatladır. Ən böyük dəyişiklikləri edən insanlar çox vaxt ən ağır şəraitdən çıxan insanlar olub. Bir zamanlar məktəbdən zəif hesab edilən uşaqlar sonradan dünyanı dəyişib. Yoxsul ailələrdən çıxan insanlar imperiyalar qurub. Həbsxanada kitab yazanlar əsrlərlə insanlığa təsir edib. Çünki tarix bizə bir həqiqəti göstərir ki, insanın taleyi doğulduğu şəraitlə yox, ruhunun sərhədləri ilə müəyyən olunur. Maraqlıdır ki, insanlıq tarixində ən böyük sıçrayışlar məhz böhranlardan sonra baş verib. Müharibələrdən sonra elmdə inkişaf sürətlənib. Böyük epidemiyalardan sonra yeni düşüncə sistemləri yaranıb. İnsan ən çox qaranlıq dövrlərdə dəyişib. Çünki rahatlıq insanı yatızdırır, ağrı isə oyadır. İslam dini insanın passiv yaşamasını qəbul etmir. Müqəddəs Quranı Kərim də insanın çalışmasının, səbir göstərməsinin və mübarizə aparmasının vacibliyi dəfələrlə vurğulanır. Çünki dua sadəcə gözləmək deyil. Dua insanın daxilində ümidlə hərəkətin birləşməsidir. Bir toxum düşünün. Torpağın altında qaranlıqda qalır. Çürüyür. Parçalanır. Amma məhz o parçalanma yeni həyatın başlanğıcı olur. İnsan da çox vaxt həyatının ən ağır dövrlərində daxilən dəyişir. Bəzən insanın ən böyük inkişafı ən böyük ağrılarının içindən doğur.
Müasir dövrdə insanlar sürətli uğur hekayələrinə aludə olublar. Hamı nəticəni görür, amma heç kim illərlə çəkilən əzabı görmür. İnsanlar zirvədə dayananı alqışlayır, amma onun neçə dəfə düşdüyünü bilmirlər. Halbuki həyatın ən böyük sirri bəlkə də budur ki, İnsan bir dəfə yox, min dəfə yıxılıb yenidən qalxdığı üçün güclü olur. Qılınc odda möhkəmlənir. Almaz təzyiq altında yaranır. İnsan isə çətinliklə. Ən təhlükəli insan isə nə ümidsiz insandır, nə də həddindən artıq xəyalpərəst insan. Ən təhlükəli insan artıq heç nə hiss etməyən insandır. Çünki ümidini itirən adam bəzən yenidən ayağa qalxa bilər. Amma ruhən ölən insan artıq yaşasa belə, daxilən yaşamır.
Bu dövr insanlara sürətli həzz verir, amma dərin məna vermir. İnsanlar əvvəllər çörək üçün yorulurdu, indi isə məna üçün yorulur. Çünki ruhu boş olan insanın həyatı zahirdə nə qədər parlaq olsa da, daxilində qaranlıq qalır. Bəlkə də insanın ən böyük problemi uğursuzluq deyil. Əsl problem insanın öz potensialını yaşamadan qocalmasıdır. Bir gün yaşlananda insanı ən çox yoran şey etdiyi səhvlər olmur. İnsanı ən çox yoran şey edə biləcəyi halda etmədiyi şeylər olur. Çünki zaman keçir. İnsan dəyişir. Bədən qocalır. Amma insanın daxilində boğduğu arzular ölmür. Onlar illərlə insanın içində səssiz şəkildə yaşayır və bir gün gecə yarısı insana belə pıçıldayır: “Əslində sən başqa biri ola bilərdin…”
Həsən Nağıyev, filosof