“Sabah” və “Qarabağ” arasında keçirilən Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviçlə görüşün baş hakimi Rəvan Həmzəzadə arasındakı insident Ondan başlayaq ki, “Sabah”la oyunun ardından Yankoviçin görüşün baş hakimi Rəvan Həmzəzadənin paltardəyişmə otağında üzərinə getdiyinə dair “CBC-Sport” video yayılıb. Sonradan isə kanalın rəsmi səhifəsindən silinib.
Futbolxeber.az yazır ki, Yankoviçlə Həmzəzadənin videosunun dərhal deyil, oyundan iki gün sonra ortaya çıxması sual doğurur: “Dərhal yada Azərbaycan Premyer Liqasının 22-ci turunda keçirilən “Qarabağ” - “Sabah” oyunundan (3:3) sonra yaşananlar yada düşür. Həmin matçda “Sabah”ın məşqçisi Valerio Zuddas “Qarabağ”ın məşqçilər korpusuna qarşı tərbiyəsizlik etsə də, AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmamışdı. İddia edilmişdi ki, guya matçın AFFA nümayəndəsi bu barədə protokolda qeyd etməyib. Sonradan Zuddasın etdiyi qeyri-etik jestin videosu mətbuatda yayıldı və bundan sonra AFFA “Sabah”ın məşqçisini cəzalandırdı. Təbii ki, bunu sübut edə bilmərik, lakin məlum məsələdir ki, mətbuata həmin video məhz “Qarabağ” tərəfindən ötürülmüşdü. Görünən odur ki, indi də “Sabah” “Qarabağ”dan qisas alır. Necə deyərlər, Zuddasa qarşılıq Yankoviç. Hər halda görüntülərdən aşkar görünür ki, Marko Yankoviç və Rəvan Həmzəzadənin əlbəyaxa olması hər hansı jurnalistin telefonuna yox, “Bank Respublika Arena”nın kameralarında düşüb. Belədə əminliklə iddia etmək olar ki, video da məhz klub tərəfindən kanala ötürülüb. İkincisi, məsələnin bu qədər şişməsi “Sabah”a sərf edir. Çünki istər mövsüm boyu, istərsə də son oyunda hakimlərin “Sabah”a kömək etməsi barədə danışanların sayı xeyli artıb. Belədə Yankoviç-Həmzazadə qalmaqalının gündəmi zəbt etməsi hakimlik məsələsini ikinci plana keçirir”.
O da iddia olunur ki, yayda komandadan gedəcəyi deyilən monteneqrolunun AFFA-nın sərt şəkildə cəzalandıracağı gözlənilir. Yada salaq ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Rəvan Həmzəzadənin verdiyi qərarları da şərh edib. R. Həsənov matçda Koxalskiyə göstərilən qırmızı vərəqə və oyunun sonundakı penalti epizodu ilə bağlı qərarların doğru olduğunu qeyd edib. Yeri gəlmişkən, “Teleqaraf” xəbər verir ki, Qəbələyə ezam olunmuş əməkdaşı məsələ ilə bağlı AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevə bu barədə sual ünvanlayıb, lakin qurum rəsmisi sualı cavablamaqdan imtina edib.
Marko Yankoviçin “Sabah”la oyundan sonra baş verənlərə sosial şəbəkə hesabındakı reaksiyası ilə yeni fakt açılqlayıb. O da deyib ki, hakim “Qarabağ”ın oyunçularını təhqir edib. Yankoviç onu penalti epizodundan sonra mübahisə etdiyi baş hakim Rəvan Həmzəzadəni vurmaq istəməsi barədə iddiaları rədd edib, hətta “bunu etmək üçün kifayət qədər imkanım olmazdımı?” deyə, sual edib.
“Sizlərdən kimsə özünə sual veribmi ki, hakim nə dedi və ya nə etdi ki, mən belə reaksiya verdim? Və xeyr, bu, penalti olduğunu düşündüyüm üçün deyil. Məsələ ondadır ki, mən meydanda ilk dəfə ondan VAR-a baxmağı xahiş edəndə o mənə qırmızı vərəqə verdi və “rədd ol” dedi! Təkcə bir dəfə yox, dəfələrlə və təkcə mənə yox! Üstəlik, meydanda ən sakit insan olmalı olan hakim məni paltardəyişmə otağına dəvət edir?! Niyə? Mənimlə dava etmək üçün? Bu, absurddur və onun peşəsinə qarşı tam qeyri-peşəkar və hörmətsiz davranışdır. Mən onun qərarı ilə razılaşmaya bilərəm, amma ona söyməmişəm. Unutmayın ki, bu, “Qarabağ”da 4 il ərzində mənim ilk qırmızı vərəqəmdir və karyeramda ikinci dəfədir...” - deyə Yankoviç yazıb.