Bələdiyyələrə vergi ödəməyə borcluyuqmu?

Bələdiyyələrə vergi ödəməyə borcluyuqmu?
15:53

Tez-tez mənzillərin qapısında xəbərdarlıq kağızlarına rast gəlinir. Həmin xəbərdarlıqlar əsasən yerli bələdiyyələrə ödənilməli olan vergi ilə bağlı olur.

Və bir həqiqət də var ki, çoxları o bildirişləri sona qədər oxumadan belə əzib atır.

Bu da təsadüfi deyil. Çünki bələdiyyələrin yerli sakinlər arasında heç bir nüfuzu yoxdur. Halbuki qanunvericiliyə görə bələdiyyələr yerli sakinlərin sosial müdafiəçisidir. Amma reallıqda bunu görməyənlər bələdiyyələrin bildirişlərini də görməməzlikdən gəlirlər. Necə deyərlər “təsir əks təsirə bərabərdir”. Bələdiyyələr sakinlərə biganə olduğu kimi sakinlər də bələdiyyələrin bildirişlərinə laqeyiddir. Ona görə də bələdiyyə bildirişləri çox mənzilin qapısından içəri girmir. Elə bələdiyyələrin yarandığı gündən bəri yerli sakinlərin həyatlarına girə bilmədikləri kimi...

Bələdiyyələrə vergi ödəməyə borcluyuqmu?

Qanunvericiliyə əsasən bələdiyyə büdcələri digər mənbələrlə yanaşı əmlak və torpaq vergisindən formalaşır. Ona görə də bələdiyyələr mütəmadi olaraq yerli sakinlərə əmlak və torpaq vergisiylə bağlı bildirişlər paylayırlar. Və qanunvericiliyə görə hər bir sakin bildirişdə göstərilən həcmdə vergi ödəməlidir.

Amma vətəndaşlar çox zaman qanunvericiliyin tələblərinə əməl etmir. Çünki əksər sakinlər düşünür ki, ödənilən vəsait ərazinin sosial-iqtisadi inkişafına yox, bələdiyyə rəhbərliyinin fərdi qayğılırına xərclənəcək.

Əslində bu düşüncə kifyət qədər məntiqli görünür. Axı bələdiyyəni heç bir sakin özünün sosial problemlərinin həllində görmür. Ən yaxşı halda sakin hansısa problemə görə yerli icra hakimiyyətinə müraciət edir.

Bir sözlə, vətəndaşlar bələdiyyələrin fəaliyyətsizliyi səbəbilə onların bildirişlərinə çox laqeyid yanaşırlar.

Ədalət naminə deyək ki,  bələdiyyələr də real vəziyyətlə barışmış kimi görünürlər. Belə olmasa bələdiyyə işçisi vətəndaşın qapısını döyər, bildirişi şəxsən təqdim edər və hətta bildirişin təqdim olunması ilə bağlı sənədə də qol çəkdirər. Amma bələdiyyə işçilərinin sakinlərlə üz-üzə gəlməyə cəsarətləri olmadığı üçün bildirişi qapının dəstəyinə asıb gedirlər.

Axı, bələdiyyə işçisi qapını döysə, onu qarşılayan ev sahibinə nə deyəcək ki? Nə haqla vergi tələb edəcək?

Əgər o verginin təyinatı qeyri-şəffafdırsa və hesabatı vergi ödəyicisinə verilmirsə o zaman bələdiyyə hansı haqla sakinin üzərinə gedə bilər?!

Təsadüfi deyil ki, təcrübədə bələdiyyələrin vergilərə görə sakinlərlə hüquqi çəkişməsinə rast gəlinmir. Bu da onu göstərir ki, sakinlərin üzünə çıxmağa üzü olmayan bələdiyyələr məsələni “sülh yolu” ilə həll etmək istəyir. Vergi ödəyənə “kisənə bərəkət” deyib keçir, ödəməyənə isə yumşaq təziyq edir. Və ada bir dəfə qapının dəstəyinə bildiriş asıb gedir.

Bəs gecikən vergi ödənişi sonradan hansı problemlərə səbəb ola bilər?

Qanunvericiliyə görə ödənilməyən vergi borcuna görə müvafiq qaydada faiz hesablanır. Bu faiz hesablanması borcun tam şəkildə ödənilməsinə qədər davam edir. Üstəlik, mənzilinizi və yaxud torpağınızı satan zaman da vergi borcu işinizə əngəl ola bilər.

Belə yerdə deyirlər “aşağı baxırsan saqqaldı, yuxarı baxırsan bığ”. Nə vergini ödəməyə əlin gəlir. Nə də ki, ödəməməklə günahkar duruma düşmək istəmirsən.

Amma nə yaxşı olardı ki, bizlər vergimiz vaxtında ödəyərdik, bələdiyyə də bizim sosial xidmətçimiz olardı. Kaş ki,..

News365.az


Sizin reklam burada
Sizin reklam burada