Gürcüstan Prokurorluğu oktyabrın 4-də prezident sarayına hücum səbəbilə saxlanılan 13 nəfərə qarşı ittiham irəli sürüb.
News365.az xəbər verir ki, bu barədə baş prokurorun müavini Amiran Quluaşvili məlumat verib.
O, həmin şəxsləri 9 ilə qədər həbs gözlədiyini bildirib.
“13 nəfərin hamısı Gürcüstan Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə ittiham olunub. Bu maddə qrup tərəfindən törədilmiş strateji obyekti və yaxud xüsusi əhəmiyyət kəsb edən obyekti ələ keçirmək cəhdi ilə bağlıdır. Onlar iki ildən dörd ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, 225-ci maddənin II hissəsinə əsasən, qrup halında zorakılıqda iştiraka görə, doqquz ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”, - Quluaşvili bildirib.
Qeyd edək ki, Oktyabrın 4-də Tbilisidə bələdiyyə seçkiləri günü müxalifətin mitinqi keçirilib. Həmin gün təşkilatçıların hökumətin devrilməsini elan etməsindən sonra bəzi etirazçılar yaxınlıqdakı iqamətgaha doğru yürüş edərək oranı ələ keçirməyə çalışıblar.