Gürcüstan Daxili İşlər Nazirliyi 22 yaşlı rusiyalı fərarı Vladislav Tatarintsevə beynəlxalq müdafiə statusunun verilməsi ilə bağlı mediada yayılan məlumatları təkzib edərək, bu iddiaların "tamamilə yalan" olduğunu bildirib.
Gürpüstan DİN-in yaydığı rəsmi bəyanatda qeyd olunub ki, səlahiyyətli qurumlar tərəfindən belə bir qərar qəbul edilməyib:
"Rusiya ordusunun fərarisi Vladislav Tatarintsevə Gürcüstanda bir illik beynəlxalq müdafiə statusunun verilməsi barədə məlumatlar tamamilə dezinformasiyadır və reallığı əks etdirmir. Ona Gürcüstanın 'Beynəlxalq müdafiə haqqında' Qanununda nəzərdə tutulmuş nə qaçqın, nə də əlavə müdafiə statusu verilib".
Nazirlikdən əlavə olunub ki, Tatarintsev hazırda Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 1-ci hissəsi (dövlət sərhədini qanunsuz keçməyə cəhd) ilə ittiham olunaraq həbsxanada saxlanılır. İstintaqın məlumatına görə, Rusiya vətəndaşı 2026-cı ilin aprel ayında Gürcüstan ərazisinə qanunsuz yolla daxil olub.
Əvvəllər "Mediazona" hüquq müdafiəçilərinə istinadən xəbər vermişdi ki, Gürcüstan ilk dəfə olaraq ordudan qaçan rusiyalı hərbçiyə bir illik humanitar müdafiə statusu ayırıb.
Hüquq müdafiə qruplarının məlumatına görə, Tatarintsev 2025-ci ildə müharibə əleyhinə olan "İdite Lesom" layihəsinin köməyi ilə hərbi xidmətdən qaçıb. 2026-cı ilin yayında isə Türkiyə ilə sərhədi nəzarət-buraxılış məntəqəsindən kənar keçməyə cəhd edərkən Gürcüstan sərhədçiləri tərəfindən saxlanılıb və həbsdə olduğu müddətdə sığınacaq üçün müraciət edib.
Qeyd edək ki, səfərbərlikdən və Ukraynaya qarşı müharibədə iştirakdan yayınmaq istəyən Rusiya vətəndaşlarına Gürcüstanda siyasi sığınacaq və ya beynəlxalq müdafiənin verilməsi halları olduqca nadirdir. Hüquq müdafiəçiləri Tbilisi rəhbərliyinin Rusiya müxalifətçilərinə və fərarilərə qaçqın statusu verməkdən və ya ölkəyə buraxmaqdan demək olar ki, həmişə imtina etdiyini bildirirlər.
Tatarintsevin cinayət işi üzrə növbəti məhkəmə iclası sentyabrın 23-nə təyin edilib.
News365.az