Göygöl problemləri gündəmdə – Deputatdan hökumətə çağırış

Göygöl problemləri gündəmdə – Deputatdan hökumətə çağırış
14:30

"Müzakirəyə təqdim olunan 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və ona dair Hesablama Palatasının rəyi ölkəmizin qlobal siyasi-iqtisadi gərginliklər fonunda nümayiş etdirdiyi makroiqtisadi sabitliyin və yüksək fiskal intizamın bariz nümunəsidir".

News365.az xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentdə çıxışı zamanı deyib. 

 Deputat bildirib ki, sənəddən göründüyü kimi, hesabat ilində dövlət büdcəsinin gəlirləri nəzərdə tutulan proqnozu üstələyib, qeyri-neft sektorundan daxilolmalarda müsbət dinamika müşahidə olunub: "Xüsusilə vurğulamaq lazımdır ki, büdcə xərclərinin optimallaşdırılması, rəqəmsallaşmanın dərinləşməsi və şəffaflığın artırılması nəticəsində ötən ilin dövlət büdcəsi profisitlə başa çatıb.

 Eyni zamanda, büdcənin sosialyönümlü xarakteri qorunub, əhalinin rifahının yüksəldilməsi, hərbi qüdrətimizin artırılması və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması kimi strateji hədəflərin maliyyə təminatı tam həcmdə yerinə yetirilib. Strateji valyuta ehtiyatlarımızın 85,1 milyard dollara çatması isə iqtisadiyyatımızın xarici təsirlərə qarşı dayanıqlığını bir daha sübut edir".

K.Bayramov eyni zamanda təmsil etdiyi 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindəki problemləri səsləndirib. 

"Cənab Prezidentin 4 iyul 2014-cü il tarixli “Göygöl rayonunun Yeni Zod - Çaykənd - Qarabulaq - Quşçu - Sarısu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq həmin avtomobil yolunun tikintisi həyata keçirilib. Həmin avtomobil yolunun 4-cü kilometrində 1960-cı illərdə inşa edilmiş tağlı körpü yerləşir. Aparılmış texniki baxış zamanı körpünün dayaqlarında və daşıyıcı konstruksiyalarında ciddi aşınma və dağılma halları, yol örtüyündə çökmələr, kənar hissələrdə isə sürüşmə əlamətləri müəyyən edilib. Ərazinin dağlıq relyefə malik olması və dağlardan gələn sel sularının intensiv təsiri nəticəsində torpaq yuyulması prosesi sürətlənib, körpünün konstruktiv dayanıqlığı əhəmiyyətli dərəcədə zəifləyib, onun uçması ehtimalı olduqca yüksəkdir.

 Mövcud vəziyyət nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün ciddi təhlükə yaradır. Sözügedən avtomobil yolu beş yaşayış məntəqəsinin və təxminən beş min nəfər əhalinin rayon mərkəzi ilə yeganə nəqliyyat əlaqəsidir. Yaz aylarında yağıntıların artması isə sel sularının təsirini daha da gücləndirib və mövcud vəziyyəti daha da təhlükəli həddə çatdırıb.
 Körpünün mövcud vəziyyətinin fövqəladə hadisə riski yaratması ehtimalı nəzərə alınaraq, yerində texniki qiymətləndirmənin aparılması və zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara dəfələrlə müraciətlər ünvanlanıb, lakin problemin həlli bir az ləngiyir.

 Hökumət nümayəndələrindən, xüsusilə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən qeyd etdiyim problemin həlli üçün zəruri və təxirəsalınmaz tədbirlərin görülməsini xahiş edirəm",-o qeyd edib. 


Sizin reklam burada
Sizin reklam burada