Əba, qəba, cübbə, əmmamə geyinib bunu Peyğəmbərin sünnəti adlandırırlar. Bu, əsla Peyğəmbərin sünnəsi deyil. Orta əsrlərin ərəb milli geyimi ümumbəşəri bir dinin libası ola bilməz.
Adamlar məsciddə xütbə oxuyanda kostyumun üstündən çiyninə bir əba salıb bunu sünnət, müstəhəb adlandırırlar. Məsciddən çıxanda da əbanı asılqana asıb hamı kimi normal geyimdə gəzirlər. Lakin bunun hansı peyğəmbərin sünnəti olduğunu isə izah edə bilmirlər.
Amma əsl sünnət və müstəhəb olan nədir?
Əsl sünnət, yəni Peyğəmbərin adəti odur ki, hər kəs öz zamanının, dövrünün paltarını geyinməlidir. Yoxsa əba, əmmamə Peyğəmbər geyimi olsa idi o dövrdə bunu Əbu Ləhəb, Əbu Cəhl, As bin Vail kimi müşriklər geyinməzdilər.
Kərbəla filmində İmam Hüseynin tərəfdarları da əba və əmmamədədir, baş kəsənlər də. İndi bu geyim hansının sünnnəti oldu? Demək bu geyim Peyğəmbərin, İmamın yox, dövrün, zamanın sünnəti, adəti idi.
İslamdan çox əvvəllər Yəməndə icad olunub ilk dəfə əba və əmmamə. Həmin dövrdə də Yəmən bütpərəst, sonralar isə xristian idi. Yəni, Peyğəmbər zamanındakı libas və qiyafələr heç də Məkkədə, Taifdə, Mədinədə istehsal olunmurdu. Haralardansa gəlirdi. Bizansdan, Sasanilərdən hətta Çindən parça, geyimlər gəlirdi ticarət karvanları ilə.
Həzrət Muhəmməd Peyğəmbər demirdi ki, indinin yox, babam İbrahimin dövrünün paltarını geyinməli, onun sünnəti ilə getməliyik. Yaxud Adəmin büründüyü əncir yarpağına bürünməliyik. Əsl peyğəmbər sünnəti öz dövrünə uyğun yaşamaqdır, geri gedib əski libaslar geymək deyil.
Təbii ki, Peyğəmbər Sibirdə yaşasa idi mütləq kürk geyinəcəkdi. İndiki zamanda ABŞ-da olsa idi kostyum geyinəcəkdi.
Hər dövrün, hər zamanın, hər coğrafiyanın tələbinə, iqliminə uyğun geyim növləri var. Peyğəmbər də dövrdə və dəbə uyğun libaslardan istifadə etdiyinə görə əsl sünnət odur ki, biz də öz dövrümüzün müasir geyim növlərindən istifadə edək. Bax bu, əsl Peyğəmbər sünnəsidir. İndiki dövrdə əba, əmmamə geyinmək isə Peyğəmbərin sünnəti yox, seçilmək, fərqlənmək üçün, Hindistan brahmanlarından keçmə, ruhanilərin xüsusi rəmzi, şüarıdır. Bu da İslama yaddır. Peyğəmbərin heç zaman səhabəsindən fərqi, xüsusi bir "peyğəmbərlə paltarı" olmayıb. Hamı ilə eyni libasdan istifadə edib. Yamaqlı da geyinib, köhnə də, təzə də...
Tural İrfan, ilahiyyatçı