31 may 2025-ci il tarixində Qəbələ rayonunda “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc mütəxəssislər – gələcəyə addım” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşır.
Bu dəfəki görüşün əsas
məqsədi gənclərin təkcə peşə seçimi deyil, eyni zamanda öz bacarıqlarını və
maraqlarını tanımaq istiqamətində düşünmələrinə təkan vermək olub. Layihə rəhbəri
Həzrət Bədiyev tədbirin açılışında çıxış edərək bildirib ki, cəmiyyətin
inkişafı üçün vacib olan əsas amillərdən biri də gənclərin öz imkanlarını düzgün
qiymətləndirərək gələcək planlarını formalaşdırmasıdır. O qeyd edib ki, bu
layihə regionda gənclər üçün motivasiya mənbəyinə çevrilməyi və onların
potensiallarını kəşf etmələrinə dəstək olmağı qarşısına məqsəd qoyub.
Tədbirdə təlimçi
qismində iştirak edən Karyera və İnkişaf Mərkəzinin əməkdaşı Rufanə Yaralıyeva
isə daha fərqli mövzuya toxunub: “Peşə seçimi yalnız konkret bir sahəyə yönəlmək
deyil, həm də insanın özünü tanıma prosesidir. Çox vaxt bizə “filan peşə gəlirlidir”
və ya “filan sahədə iş tapmaq asandır” deyirlər. Amma əsas sual budur: biz bu
sahədə xoşbəxt ola biləcəyikmi?”.
Rufanə Yaralıyeva
çıxışında qeyd edib ki, peşə seçiminə sadəcə nəticə yönümlü deyil, proses
yönümlü baxmaq lazımdır. Yəni gənclər yalnız hansı sahədə işləmək istədiklərini
deyil, bu sahədə çalışarkən hansı bacarıqlarını inkişaf etdirəcəklərini və bu
prosesdən necə zövq alacaqlarını da nəzərə almalıdırlar.
Tədbirdə gənclər qrup
tapşırıqları vasitəsilə öz maraq sahələrini müəyyənləşdirib, gələcəkdə seçə biləcəkləri
sahələrlə bağlı fikir mübadiləsi aparıblar. Təlimin sonunda iştirakçılara
sertifikatlar təqdim olunub.
Bu tədbir,
iştirakçılar üçün yalnız maarifləndirici deyil, həm də fərdi inkişaf baxımından
ilhamverici bir təcrübə olub.