Bəzi insanları düşündürən məsələ növbəti ildə
işsiz vətəndaşlara veriləcək müavinətin həcmidir. Çünki, 200 mindən artıq insan
Dövlət Məşğulluq Agentliyində iş növbəsinə dayanıb. Ona görə də növbəti ildə
atılacaq istənilən addım bu insanlar üçün çox maraqlıdır.
Məsələ ilə bağlı News365.az –a
danışan Millət vəkili Vüqar Bayramov
deyib ki, işsizlikdən
Sığorta Fondunun 2025-cü il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda
qəbul olunub:
“Sənədə əsasən,
fondun gəlir və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat
proqnozlaşdırılır. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial
proqramların maliyyələşdirilməsinə yönəldilsə də 17 milyon manat işsizliyə görə
sığorta ödənişləri üçün istifadə olunacaq”.
Bəs, bu vəsaiti
kimlər ala biləcək?
Vüqar
Bayramov qeyd edib ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş
hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub:
“Belə ki, ödəniş
dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya
ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər
müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə
minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi
hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan
istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək
münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir.
Bu zaman həmin
şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş
elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində
işsiz kimi qeydiyyatdan keçməsi vacibdir. Bundan sonra şəxs sığorta ödənişi
almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi
təyin edilir”.
News365.az