Mişa Mitrofanovla cütlüklə konkisürmə yarışlarında ABŞ adına yarışan fiqurlu konkisürən Alisa Efimova Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində olmadığını bildirib. Bu barədə Match TV məlumat yayıb.
“Mən və tərəf müqabilim həmin təyyarənin göyərtəsində olmadıq. Çünki bazar ertəsi Mişa və mən Viçitadan qayıtmışdıq",- deyə Efimova bildirib.
Qeyd edək ki, Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində fiqurlu konkisürmədə cütlük üzrə dünya çempionları, Rusiya milli komandasının üzvləri olmuş Yevgeniya Şişkova və Vadim Naumov da uçub. Onların ölməsi ehtimal edilir.
Xatırladaq ki, Vaşinqtonda gecə uçuş-enmə zolağına yaxınlaşan sərnişin təyyarəsi “Black Hawk” helikopteri ilə toqquşub.
Qəzadan sonra təyyarə hava limanının yaxınlığında olan Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. Reyqan hava limanında bütün uçuşlar və enişlər dayandırılıb. Vaşinqton polisinin bildirdiyinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.
Xarici KİV artıq çaydan 19 cəsədin çıxarılmasını yazıb.
Tural