Son zamanlar Türkiyədə uzun illər əvvəl yayımlanan “Kurtlar Vadisi” serialı yenidən gündəmə gəlib. Xüsusilə serialın “Kurtlar Vadisi Pusu” versiyası ilə bağlı yeni araşdırma başlanması diqqət çəkib. Silivri Cumhuriyyət Baş Prokurorluğu keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada ölümü ilə bağlı yenidən aparılan istintaq çərçivəsində serialın bəzi bölümlərinin araşdırılmasına qərar verib.
Araşdırma çərçivəsində serialda yer alan “Kazım Kaşifoğlu” obrazının təqdimatı, bəzi səhnələrdə “FG” hərf qrupunun olduğu avtomobil nömrələrinin göstərilməsi və ayrı-ayrı bölümlərdə FETÖ/PDY lehinə təbliğat, gizli mesaj və ya təşkilati göstəriş xarakterli məzmunların olub-olmaması ekspertlər tərəfindən incələnəcək. Bununla bağlı mütəxəssislərdən ibarət ekspert heyəti də yaradılıb.
Mövzu ilə bağlı Erhan Ufukun meneceri bildirib ki, hazırda məsələ Türkiyənin gündəmində olan və kifayət qədər həssas xarakter daşıyan bir mövzudur.
Erhan Ufukun sözlərinə görə, “Kurtlar Vadisi” layihəsi tamamilə FETÖ-yə qarşı mübarizə məqsədi daşıyıb və layihənin sahiblərinin FETÖ ilə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, hazırkı mərhələdə söhbət araşdırma və ekspertizadan gedir. Serialın FETÖ ilə əlaqəli olduğuna dair yekun hüquqi nəticə açıqlanmayıb. Məsələnin Türkiyədə yenidən geniş müzakirəyə çıxması isə serialın yaradıcı heyətinin və layihənin mahiyyəti ilə bağlı əvvəlki müzakirələri də gündəmə gətirib./// demokrat.az