Harri Keyndən "Qızıl top" iddiası: "73 qol hər şeyi deyir"

Harri Keyndən "Qızıl top" iddiası: "73 qol hər şeyi deyir"
17:31

“Bayern Münhen”in ingiltərəli ulduz futbolçusu Harri Keyn “Qızıl top” mükafatı uğrunda mübarizə və karyerası ilə bağlı diqqətçəkən açıqlamalar verib.

News365.az
xəbər verir ki, 33 yaşlı hücumçu “MARCA”ya müsahibəsində 2025/26 mövsümünü karyerasının ən uğurlu dönəmi adlandırıb. Harri Keyn  ötən mövsüm “Bayern Münhen” və İngiltərə millisinin heyətində keçirdiyi 65 oyunda 73 qol vurub. Bu göstərici Lionel Messinin 2011/12 mövsümündəki 82 qolundan sonra ən yüksək nəticələrdən biri olub.

“Qızıl top”a layiq olub-olmadığı ilə bağlı sualı cavablandıran Harri Keyn özü haqqında danışmağı sevmədiyini bildirib. O, 73 qolluq göstəricinin artıq kifayət qədər şey söylədiyini vurğulayıb.

Futbolçu əldə etdiyi nəticədən qürur duyduğunu və bu uğurda komanda yoldaşlarının böyük rol oynadığını qeyd edib. Harri Keyn geridə qalan mövsümü həm şəxsi, həm də komanda baxımından karyerasının ən yaxşı ili kimi qiymətləndirib.

“Qızıl top”un bu il ilk dəfə Harri Keynin doğulduğu London şəhərində təqdim ediləcəyi də futbolçuya xatırladılıb. İngiltərə millisinin kapitanı bunu “bəlkə də yaxşı əlamət” kimi qəbul etdiyini deyib. Mükafat mərasiminin oktyabrın 26-da Londonda keçirilməsi planlaşdırılır.

Harri Keyn bildirib ki, mükafatla bağlı müzakirələr mərasimə qədər davam edə bilər, lakin onun əsas diqqəti yeni mövsümdəki çıxışlarına yönəlib.

İngiltərəli hücumçunun qarşısında daha bir tarixi hədəf də var. Harri Keyn üçüncü dəfə Avropanın “Qızıl buts” mükafatını qazanacağı təqdirdə bu göstəricidə Lionel Messi və Kristiano Ronaldo ilə eyni sırada yer ala bilər. O, hər iki futbolçunun uzun illər öz nəslinə damğa vurduğunu və onların olduğu müzakirədə adının çəkilməsinin belə xüsusi olduğunu bildirib.


Sizin reklam burada
Sizin reklam burada