Şimali Koreya nüvə silahına malik dövlət statusunun ABŞ, digər Qərb ölkələri və ya Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) tərəfindən tanınmasını tələb etmədiyini bildirib.
News365.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı məlumata görə, bunu KXDR Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamasında qeyd edib.
Bəyanatda vurğulanıb ki, digər ölkələrin və AEBA-nın Pxenyanın nüvə dövləti statusunu inkar etməsinə baxmayaraq, Şimali Koreya bu statusun həm faktiki, həm də hüquqi baxımdan müəyyənləşdiyini hesab edir.
Açıqlamaya səbəb sentyabrın 17-də AEBA Baş Konfransının 70-ci sessiyasında KXDR ilə bağlı qətnamənin qəbul edilməsi olub. Qətnamədə Pxenyandan nüvə silahlarından və nüvə proqramlarından tam, yoxlanıla bilən və geri dönməz şəkildə imtina etməsi tələb olunub.
Şimali Koreya isə AEBA-nın bu qərarını qanunsuz hesab etdiyini bildirib. Pxenyan ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) və AEBA-dan əvvəlcədən çıxdığını xatırladaraq, təşkilatın bu məsələyə dair qərar qəbul etmək səlahiyyətini şübhə altına alıb.
Qeyd edək ki, sentyabrın 16-da Şimali Koreya ABŞ və Cənubi Koreyanın Kütləvi Qırğın Silahlarına Qarşı Mübarizə Komitəsinin iclasına cavab olaraq Nüvə Qüvvələri Qanununu tətbiq etməklə bağlı xəbərdarlıq edib. Şimali Koreya lideri Kim Çen In isə daha əvvəl Pxenyanın hərbi potensialını artırmaq siyasətini davam etdirəcəyini bildirib.