Avstraliyadan ABŞ-yə təmir üçün göndərilən F-35 qırıcı təyyarələrinə məxsus ehtiyat hissələri gözlənilmədən Honkonqa çatıb.
News365.az xəbər verir ki,“Politico”nun mənbələrə istinadən yaydığı məlumata görə, hissələr F-35 qırıcılarının istehsalçısı “Lockheed Martin”lə əməkdaşlıq edən vasitəçi şirkət tərəfindən daşınıb.
Pentaqon çatdırılma ilə bağlı problemin, eləcə də bəzi komponentlərin itkin düşdüyünün təsdiqləyib. Hazırda hissələrin marşrutunun niyə dəyişdirildiyi və itkin komponentlərin harada olduğu araşdırılır.
İtkin düşən hissələr arasında F-35-in pilot kabinəsini örtən və məxfi texnologiya elementlərini özündə birləşdirən örtüyün də olduğu bildirilir. Nəşr qeyd edir ki, sözügedən texnologiyaya yalnız ABŞ və onun müttəfiqlərinin çıxışı var.
Bununla belə, komponentlərin Çin mütəxəssislərinin əlinə keçdiyini təsdiqləyən hər hansı dəlilin olmadığı vurğulanıb. Mənbələrdən biri belə bir ehtimalın baş verməsi halında komponentlərin öyrənilərək yenidən istehsal edilə biləcəyinə dair xəbərdarlıq edib.
Qeyd edək ki, “The National Interest” daha əvvəl Rusiya və Çinin yeni nəsil radarlarının F-35 qırıcılarını aşkarlamaq və izləmək imkanlarını inkişaf etdirdiyini yazmışdı.