“Gələn aydan etibarən Azərbaycanda pensiyalarda iki istiqamətdə artımlar həyata keçiriləcək: minimum pensiya məbləği artırılacaq və əmək pensiyaları indeksləşdiriləcək. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, fevral ayından minimum pensiya 280 manatdan 320 manata yüksəldiləcək.”
Bunu News365.az-a Millət Vəkili Vüqar Bayramov deyib.
“Əmək pensiyalarının indeksləşdirilməsi “Əmək Pensiyaları” haqqında Qanuna uyğun olaraq, əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqının artım faizinə əsasən aparılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk 11 ayında orta aylıq əmək haqqı 8% artaraq 996,8 manata çatıb. Bu göstəriciyə əsasən, əmək pensiyalarının da təxminən 8% indeksləşdirilməsi gözlənilir.
Beləliklə, bəzi vətəndaşların pensiyaları iki dəfə artırılacaq: həm indeksləşdirmə tətbiq ediləcək, həm də minimum pensiya məbləğinə çatdırılmaq üçün əlavə artım ediləcək. Məsələn, əgər bir vətəndaşın pensiyası 290 manatdırsa, əvvəlcə 8% indeksləşdirmə nəticəsində bu məbləğ 313,2 manata yüksələcək. Daha sonra, bu məbləğ yeni minimum pensiya məbləği olan 320 manata çatdırılacaq.
Bu tədbirlər ölkədə pensiyaçıların sosial rifahının yaxşılaşdırılmasına yönəldilmişdir.”