"Sən Şuşada dərs deməyə hazırlaşırdın, lakin…" Etibar Əliyevdən şəhidə məktub

"Sən Şuşada dərs deməyə hazırlaşırdın, lakin…" Etibar Əliyevdən şəhidə məktub
11:53

Tarixçi Etibar Əliyev dostu 20 Yanvar şəhidi Yusif Sadıqovun ruhuna məktub yazıb. 

News365.az yazını təqdim edir:

Əzizimiz Yusif

Sən Göyçə mahalının Cil kəndində orta məktəbi qızıl medalla bitirmişdin. Bu uğurun sayəsində cəmi bir imtahan verərək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul oldun.

Üçüncü kursda oxuyarkən Moskva Dövlət Universitetində keçirilən respublikalararası olimpiadada Bakı Dövlət Universitetini təmsil edərək birinci yerə layiq görüldün. Mən sənin necə təmkinlə riyazi məsələlər üzərində düşündüyünün şahidi olmuşam. Universitetin 2 saylı yataqxanasında riyaziyyatı yaxşı bilməyənlər səndən yalnız riyaziyyatı deyil, düşünməyi də öyrənirdilər. Bəli, düşünməyi…

Universiteti “əla” qiymətlərlə bitirdikdən sonra səni Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda saxladılar. Aspiranturaya isə üç “əla” qiymət alaraq qəbul olundun.

Dəyərli dostum,

Sən davranışın, savadın, mədəniyyətin və əxlaqın ilə heç kimə bənzəmirdin. Böyük Allah sənə heç bir qüsur verməmişdi. Yaşadığın illərdə isə yalnız fövqəlinsana xas olan keyfiyyətlərini qoruyub saxlamaqla məşğul oldun.

Adın çəkiləndə düşünürəm ki, sanki cəsurluğun da riyazi düsturunu tapmışdın.

Erməni barbarları Xankəndindən azərbaycanlıları qovandan sonra orada yerləşən institut Şuşaya köçürülmüşdü. Sən Şuşada dərs deməyə hazırlaşırdın. Lakin…

Yanvarın 19-dan 20-nə keçən gecə…

Bu tarix sənin ad günün idi. Həm də nişanlı idin. Bacın, professor Səyalı xanım deyir ki, qəfildən tank səslərini eşidəndə heç kimə heç nə demədən sakitcə evdən çıxmışdın.

Sənin ölümün qandondurucu idi. Bir qolun tapılmışdı… qəhrəmanlıq simvoluna çevrilmiş qolun… Rus tankının altında qalmışdın. Lənətə gəlmiş rus-erməni birləşməsinin tanklarının üzərimizə sürülməsi qorxu və vahimə yaratmaq məqsədi güdürdü. Ancaq sənin timsalında bir daha sübut olundu ki, bu xalq qorxmaz xalqdır!

Əzizimiz Yusif,

20 Yanvar faciəsindən sonra sənin arzuladığın gün gəldi. Azərbaycan müstəqilliyini bəyan etdi. Qarabağımız erməni barbarlarının tapdağından azad olundu. Xankəndi Universiteti yenidən quruldu. Ancaq bütün bunlar sənin yoxluğundan sonra baş verdi. Sənin ölümü riyaziyyat elmi üçün də ağır itki oldu. Yerin görünür…

Şəhidlər xiyabanını hər dəfə ziyarət edəndə elə bilirəm ki, sən orada da kimlərəsə riyaziyyat öyrədirsən. Çünki riyaziyyat sənə Allahın verdiyi bir ilahi istedad idi.

Allah sənə və bütün şəhidlərimizə rəhmət eləsin…