Hörmüz Boğazında Yeni Təhlükə: İran Gəmilərdən Rüsum Toplamağa Başlayır?

Hörmüz Boğazında Yeni Təhlükə: İran Gəmilərdən Rüsum Toplamağa Başlayır?
15:38

Hörmüz boğazında mümkün rüsum tətbiqi ilə bağlı iddialar yenidən beynəlxalq gündəmin diqqət mərkəzinə çevrilib. İranın bölgədə nəzarəti gücləndirmək istiqamətində atdığı addımlar və ABŞ-İran qarşıdurmasının nəticələri dünya enerji bazarında yeni risklər yaradıb. 

Politoloq Elşad Həsənov Hörmüz boğazında mümkün rüsum tətbiqi və bunun dünya iqtisadiyyatına təsirləri ilə bağlı fikirlərini bölüşüb.

oxunaqlı başlıq 

O, News365.az-a açıqlamasında bildirib ki, İran məsələ ilə bağlı mövqeyini hələ müharibədən əvvəl də ifadə etmişdi:

“İran əvvəldən bildirirdi ki, Hörmüz boğazından keçən gəmilərin hərəkətinə nəzarəti təşkil edəcək və oradan rüsum yığacaq. Bu fikirlər İran-ABŞ qarşıdurmasından əvvəl səsləndirilmişdi”.

Politoloqun sözlərinə görə, müharibədən sonra İranın mövqeyi daha da sərtləşib:

“Sonradan məlum oldu ki, əvvəllər həmin ərazidən keçən gəmilərdən rüsum toplanmırdı. Lakin ABŞ və İsrailin apardığı müharibə zamanı İran bəyan etdi ki, Hörmüz boğazı onların sularına yaxın ərazidə yerləşir və onların nəzarətindədir. Buna görə də Tehran həmin marşrutdan keçən gəmilərdən rüsum toplamaq niyyətindədir”.

Elşad Həsənov qeyd edib ki, hazırda 60 günlük müddət ərzində rüsum məsələsi gündəmdə deyil:

“Hazırkı mərhələdə 60 gün ərzində vergi və ya rüsum yığılması məsələsi ortada yoxdur. Amma aparılan danışıqlardan görünür ki, bu müddətdən sonra İran və Oman həmin marşrutdan keçən gəmilərdən müəyyən ödənişlər toplamağa başlaya bilər”.

Ekspert hesab edir ki, bu ödənişlər fərqli ad altında təqdim oluna bilər:

“Ola bilsin ki, bunu gəmilərin təhlükəsizliyinin təmin olunması, ekologiyanın qorunması və ya yardım xidmətləri adı altında həyata keçirsinlər. Amma nəticə etibarilə İran oradan rüsum toplamış olacaq”.

Politoloq vurğulayıb ki, belə bir addım dünya iqtisadiyyatına və enerji bazarına ciddi təsir göstərə bilər:

“ABŞ-ın İranla apardığı qarşıdurmadan sonra dünya ixracatı əlavə rüsumlarla üzləşə bilər. Bu isə neftin, yanacağın və həmin marşrutla daşınan digər məhsulların qiymətinin artmasına səbəb olacaq”.


Sizin reklam burada
Sizin reklam burada