Ermənistanda ABŞ-Rusiya qarşıdurması? - Politoloqdan mühüm iddia

Ermənistanda ABŞ-Rusiya qarşıdurması? - Politoloqdan mühüm iddia
14:04

Regionda kommunikasiya xətlərinin açılması, sərhəd təhlükəsizliyi və xarici qüvvələrin mümkün iştirakı ətrafında müzakirələr davam edir. Xüsusilə Ermənistan ərazisində Rusiyanın hərbi mövcudluğu və ABŞ-la mümkün əməkdaşlıq məsələləri yeni geosiyasi suallar doğurur. 

Politoloq Polad Mehdiyev Ermənistan-Rusiya münasibətləri, bölgədə Rusiyanın hərbi mövcudluğu və ABŞ-la mümkün əməkdaşlıq məsələlərinə münasibət bildirib.


O, News365.az-a açıqlamasında qeyd edib ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu iki ölkə arasında uzun illər formalaşmış hərbi-siyasi münasibətlərdən qaynaqlanır:

“Rusiyanın Ermənistanda qalması və hərbi mövcudluğu uzun illər Ermənistan dövləti ilə Rusiya arasında mövcud olmuş hərbi-siyasi müttəfiqlikdən irəli gəlir. Bunun nəticəsidir ki, bu gün də Ermənistanda Rusiya hərbçiləri mövcuddur və sərhədlərin qorunmasında onların xidmətlərindən tam imtina edilməyib”.

Politoloq bildirib ki, məsələnin hüquqi tərəfi də mövcuddur:

“Ermənistan dəmir yolları uzun müddətə Rusiya Cənub Dəmir Yollarının istifadəsinə verilib. Bundan əlavə, 2021-ci il Üçtərəfli Bəyanatının 10-cu bəndinə əsasən, Rusiya həmin dəhlizdən keçəcək kommunikasiya xətlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı öhdəlik götürüb. Bunlar Rusiyanın irəli sürdüyü hüquqi arqumentlərdir”.

Polad Mehdiyev vurğulayıb ki, Moskvanın məsələyə yanaşması daha çox siyasi maraqlarla bağlıdır:

“Əslində bu məsələnin aktuallığı hüquqi arqumentlərdən daha çox Rusiyanın siyasi maraqlarından irəli gəlir”.

Ekspert ABŞ və Ermənistan arasında mümkün müqaviləyə də toxunub. O bildirib ki, belə bir sənəd imzalanarsa, müəyyən səlahiyyətlərin ABŞ tərəfinə keçməsi mümkündür:

“Əgər Amerika ilə Ermənistan arasında belə bir razılaşma əldə olunarsa, bu artıq adi razılıq deyil, dövlətlərarası müqavilə olacaq. Həmin müqavilə əsasında müəyyən müddət ərzində həmin ərazinin istifadəsi və orada qərarvermə səlahiyyətinin bir hissəsi ABŞ tərəfinə keçə bilər”.

Politoloqun sözlərinə görə, bu halda Rusiya sərhədçilərinin bölgədəki missiyası Ermənistanın təhlükəsizliyinə dəstək verməkdən ibarət olacaq:

“Rusiya sərhədçilərinin missiyası Ermənistan dövlətinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Onlar vaxtilə İran və Türkiyə sərhədlərində təhlükəsizliyə dəstək məqsədilə yerləşdirilmişdi”.

Polad Mehdiyev əlavə edib ki, hökumətlərarası və dövlətlərarası müqavilələr arasında ciddi fərqlər var:

“Dövlətlərarası müqavilə ilə hökumətlərarası müqavilə fərqli anlayışlardır. Hökumətlərarası müqavilə hökumətlərin qərarından asılıdır. Ermənistan hökuməti istədiyi halda Rusiya sərhədçilərinin həmin ərazilərdən çıxarılması ilə bağlı qərar verə bilər”.


Sizin reklam burada
Sizin reklam burada