Ermənistanda seçkilərin nəticələri dəyişməyəcək

Ermənistanda seçkilərin nəticələri dəyişməyəcək
15:44

Ermənistanda keçirilən seçkilərin nəticələri və müxalifətin Konstitusiya Məhkəməsinə müraciəti ölkədə siyasi gündəmin əsas mövzularından biri olaraq qalır. Müxalif qüvvələr seçkilərdə qanun pozuntularının olduğunu iddia etsələr də, kütləvi etirazların müşahidə olunmaması nəticələrin legitimliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı politoloq Murad Sadəddinov News365.az-a açıqlamasında Konstitusiya Məhkəməsinin mümkün qərarını və ölkədəki siyasi vəziyyəti dəyərləndirib.


Politoloq bildirib ki, Konstitusiya Məhkəməsinin qərarında sensasion nəticə gözlənilmir:

“Konstitusiya Məhkəməsinin qərarından hər hansı sensasion xəbər eşitməyəcəyik və bunu gözləməməliyik. Düşünürəm ki, məhkəmə mövcud seçkilərin nəticələrini təsdiqləyəcək. Ola bilər ki, bir-iki xırda məsələ ilə bağlı mənfi qərar verilsin, amma bu, ümumi nəticələrə təsir etməyəcək”.

Murad Sadəddinov qeyd edib ki, qərarın Paşinyan hakimiyyətinin mövqeyinə ciddi təsiri olmayacaq:

“Bu baxımdan Paşinyanın partiyasının səslərinin azalması və ya nəticələrin dəyişməsi kimi bir təsir gözlənilmir. Bu artıq aydın məsələdir”.

Ekspertin sözlərinə görə, müxalifətin hüquqi müraciətləri olsa da, cəmiyyətdə geniş narazılıq müşahidə edilmir:

“Müxalifət partiyaları müraciət edə, qanun pozuntuları ilə bağlı iddialar səsləndirə bilərlər. Amma əgər seçkilərin nəticələri doğrudan da xalqın iradəsinə uyğun olmasaydı, biz hazırda Ermənistan paytaxtında böyük mitinqlər və ciddi etirazlar görərdik”.

Politoloq vurğulayıb ki, kütləvi etirazların olmaması müxalifətin iddialarının zəif olduğunu göstərir:

“Bu gün seçkilərin nəticələri ilə bağlı ciddi və kütləvi etirazlar müşahidə olunmur. Bu da onu göstərir ki, Konstitusiya Məhkəməsinə müraciət edən müxalif qüvvələrin iddiaları əsaslı deyil. Onlar müxtəlif hüquqi terminlərdən və imkanlardan istifadə etməyə çalışacaqlar, amma düşünmürəm ki, nəticələrə təsir edəcək hər hansı qərar qəbul olunsun”.


Sizin reklam burada
Sizin reklam burada