“ABŞ Cənubi Qafqazda sərhəd qoşunları yerləşdirməyəcək”

“ABŞ Cənubi Qafqazda sərhəd qoşunları yerləşdirməyəcək”
13:46

Cənubi Qafqazda geosiyasi proseslər və regionda xarici qüvvələrin mümkün fəaliyyəti yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə ABŞ-nin bölgədə təhlükəsizlik və sərhəd nəzarəti ilə bağlı iddia olunan planları müxtəlif ehtimalları gündəmə gətirib.

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyət və ABŞ-nin mümkün iştirakına dair fikirlərini bölüşüb.


O, News365.az-a açıqlamasında bildirib ki, Rusiya və ABŞ uzun illərdir regionda müəyyən mənada oxşar siyasət yürüdüblər:

“İnanmıram ki, Rusiya ilə ABŞ Cənubi Qafqazda tamamilə fərqli siyasət aparıblar. Onlar bir-birlərinin maraqlarını nəzərə alaraq hərəkət ediblər və Azərbaycana münasibətdə də müəyyən oxşarlıqlar olub. Əvvəllər kənar qüvvələrin regiona müdaxiləsi bu qədər nəzərə çarpmırdı. İndi isə vəziyyət bir qədər şübhəli görünür”.

Ekspert qeyd edib ki, son vaxtlar ABŞ qüvvələrinin bölgəyə gələcəyi ilə bağlı iddialar müzakirə olunur:

“Amerika qoşunlarının gələcəyi barədə danışılır. Bildirilir ki, həmin 43 kilometrlik ərazidə sərhədçilər olmayacaq, əvəzində özəl qoruma qüvvələri yerləşdiriləcək. Hazırda bunu daha çox kəşfiyyat məlumatlarının ötürülməsi üçün nəzərdə tutulan struktur kimi qiymətləndirirlər. Hətta deyilir ki, burada canlı qüvvədən çox elektron vasitələrdən istifadə olunacaq”.

İlham İsmayıl vurğulayıb ki, ABŞ-nin bölgədə birbaşa hərbi iştirak ehtimalı azdır:

“Mən inanıram ki, ABŞ sözün həqiqi mənasında orada sərhəd qoşunları yerləşdirməyəcək. Hazırda Mehri sərhəd dəstəsi və Rusiya ilə birlikdə fəaliyyət göstərən qüvvələr həmin ərazilərə nəzarət edir”.

Ekspertin sözlərinə görə, İranın reaksiyası da proseslərin inkişafından asılı olacaq:

“Əgər vəziyyət bu şəkildə davam etsə, İran etiraz edəcək. Amma İranla ABŞ arasında zənginləşdirilmiş uran və dondurulmuş aktivlərin geri qaytarılması ilə bağlı müəyyən razılaşmalar əldə olunarsa, Tehran həmin məsələlərə, o cümlədən dəhlizdə ABŞ-nin özəl mühafizə qüvvələrinin iştirakına ciddi şəkildə müdaxilə etməyə bilər”.


Sizin reklam burada
Sizin reklam burada