İsrail hökuməti Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında ermənilərin kütləvi şəkildə qətlə yetirilməsini "soyqırımı" kimi tanıyan qərarı yekdilliklə təsdiqləyib. Bununla belə, qərarın rəsmiləşməsi üçün Knesset (parlament) tərəfindən də təsdiqlənməsi tələb olunur.
İsrail Xarici İşlər Naziri Gideon Saar bəyan edib ki, ölkəsi tarixi həqiqəti qəbul edərək bu addımı atan 34-cü dövlət olub.
Uzun illər boyu Türkiyə ilə strateji, iqtisadi və hərbi tərəfdaşlığa önəm verən və bu məsələni gündəmə gətirməkdən çəkinən İsrailin qəfil siyasi kurs dəyişikliyi iki ölkə arasında son zamanlar pik həddə çatan gərginliklə əlaqələndirilir.
Ritorikanın kəskinləşməsi: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışlarında İsraili kəskin tənqid edərək Qəzzadakı münaqişənin Türkiyənin təhlükəsizliyinə birbaşa təhdid yaratdığını və Həmasın Anadolunun ön cəbhəsini müdafiə etdiyini bildirib. İsrail Baş Naziri Benyamin Netanyahu isə bu bəyanatları ölkəsinin mövcudluğuna açıq təhdid kimi qiymətləndirib.
Ticarət dövriyyəsinin çökməsi: 2022-ci ildə təxminən 10 milyard dollar olan ikitərəfli ticarət dövriyyəsi, Türkiyənin 2024-cü ilin mayında tətbiq etdiyi de-faktob embaqo nəticəsində kəskin azalıb. 2025-ci ildə İsrailin Türkiyədən idxalı 900 milyon dollara düşüb, ixracı isə cəmi 11 milyon dollar təşkil edib.
Ekspertlərin fikrincə, İsrail bu həssas mövzunu gündəmə gətirməklə həm Ankara üzərində siyasi təzyiqi artırmağı, həm də ABŞ-ı Türkiyəyə "F-35" qırıcılarının satışını əngəlləməyə razı salmağı hədəfləyir.
News365.az