"Azərbaycan yalnız aparıcı enerji istehsalçısı deyil, həm də strateji logistika qovşağıdır"- Samir Vəliyev

"Azərbaycan yalnız aparıcı enerji istehsalçısı deyil, həm də strateji logistika qovşağıdır"- Samir Vəliyev
14:09

“Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına davamlı olaraq inteqrasiya edir. Son illər ölkəmizdə iqtisadiyyatın dayanıqlığının artırılması, şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində vacib tədbirlər  həyata keçirilir. Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqi birləşdirən müasir nəqliyyat və logistika infrastrukturunun yaradılması məqsədilə mühüm investisiyaların reallaşdırılması da Azərbaycanın dünya iqtisadiyyatı üçün önəminin göstəricisidir”.

Bu fikirləri News365.az-a Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, ölkəmiz Cənubi Qafqazın lideri kimi Mərkəzi Asiya və digər regionlarla iqtisadi bağlantılarını möhkəmləndirərək tranzit marşrutları, enerji şəbəkələri, rəqəmsal infrastruktur və daha sıx inteqrasiyalar qurur. Yəni, Azərbaycan bu gün yalnız aparıcı enerji istehsalçısı kimi deyil, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır. Həmçinin, beynəlxalq ticarət və investisiyalar üçün də mərkəzə çevrilməyi hədəfləyən Azərbaycan böyük infrastruktur layihələrinə yatırılan investisiyaları artırmağı planlaşdırır. Bu baxımdan, ölkəmiz beynəlxalq maliyyə institutları ilə əmakdaşlığı diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, Azərbaycan iqtisadi xarakterli mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ötən ay İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə illik toplantılarının Bakı şəhərində keçirilməsi bunun göstəricisidir. Regionlar arasında ortaq maliyyə dili rolunu oynayan İslam maliyyəsi sərhədlərarası investisiyaları və özəl sektorun inkişafını təşviq edir. İİB Qrupu Azərbaycanın regional və qlobal inkişaf hədəflərinə maliyyə dəstəyi verməyi müasir maliyyə siyasətində diqqətdə saxlamağı düşünür.

İyulun 1-də isə Bakı şəhəri Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısına ev sahibliyi edib. İllik Toplantıda QDTİB-nin 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, maliyyə hesabatları təsdiq edilib və 2026-cı il üzrə büdcəsi müzakirə olunub.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verərək dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb. Qlobal iqtisadiyyata inteqrasiya şəraitində aparıcı beynəlxalq şirkətlərə və xarici maliyyə qurumlarına, investorlara ölkəmizdə azad fəaliyyət üçün geniş və əlverişli imkanlar yaradılıb. Nəticədə son 20 ildə iqtisadiyyatımıza 350 milyard dollardan çox sərmayə qoyulub ki, onun əhəmiyyətli hissəsi qeyri-neft sektorunun inkişafına yönəldilib. Həmin cəmi sərmayələlərin 50 faizindən çoxu xarici sərmayələrin payına düşür. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlığa gəlincə, Samir Vəliyev qeyd edib ki, banka üzv ölkələri yalnız coğrafi yaxınlıq deyil, həm də ticarət, investisiya və davamlı inkişaf naminə ortaq maraqlar birləşdirir. QDTİB Azərbaycan üçün etibarlı tərəfdaş olmaqla yanaşı, regional inteqrasiyanın dərinləşdirilməsi və innovasiyaların təşviqi vasitəsilə mövcud potensialın real iqtisadi imkanlara çevrilməsinə mühüm töhfə verir.

“Hesab edirəm ki,  Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı yeni tərəfdaşlıqların qurulması, yeni investisiya yatırımlarının dəyərləndirilməsi  və Azərbaycanla əlaqələrin gücləndirilməsi baxımından mühüm platforma olacaq”,-deyə deputat vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada