Tanınmış aparıcı Xanım Yadigarlı fəaliyyət göstərdiyi qurumdan ayrıldığını açıqlayıb.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xanım Yadigarlı bildirib ki, media və televiziya sahəsində fəaliyyətinin 15 ili tamam olur və son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışıb.
Aparıcının sözlərinə görə, o, əvvəlcə İctimaiyyətlə əlaqələr və protokol, daha sonra isə Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərib:
“Bu yolun son 5 ilə yaxın hissəsini DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışdım. Şəxsi təşəbbüsümlə bu fəaliyyətimi artıq başa vurdum”.
Xanım Yadigarlı qeyd edib ki, fəaliyyəti dövründə vətəndaş müraciətlərinə dəstək göstərməyə çalışıb:
“Vəzifə öhdəliklərimi yerinə yetirməklə yanaşı, sosial sahədə rəqəmsallaşma ilə bağlı olan və olmayan çoxsaylı müraciətlərə də imkanım çatdığı qədər dəstək olmağa çalışdım”.
Teleaparıcı peşəkarlığın yalnız vəzifə icrası ilə məhdudlaşmadığını vurğulayıb:
“Mənim üçün peşəkarlıq yalnız vəzifə təsvirini icra etmək deyil. Peşəkarlıq eyni zamanda şəxsiyyətini qorumaq, vicdanlı, ədalətli və faydalı olmağı seçməkdir”.
O, paylaşımının sonunda birlikdə çalışdığı həmkarlarına təşəkkür edib və karyerasında yeni mərhələyə başlayacağını bildirib.