Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl News365.az-a açıqlamasında son hücumların məqsədinin görüntü yaratmaqdan daha çox konkret strateji hədəflərə yönəldiyini bildirib.
Onun sözlərinə görə, bəzən bu hücumların yalnız görüntü məqsədilə həyata keçirildiyi deyilsə də, əslində əsas məqsəd zənginləşdirilmiş uranı zərərsizləşdirmək olub:
“Zənginləşdirilmiş uranı zərərsizləşdirmək o deməkdir ki, bu, yalnız İran üçün deyil, bütövlükdə region üçün böyük problem yarada bilər. Lakin bu hədəfə toxunulmadı. Əsasən obyektlərə ciddi ziyan dəydi. Onların bərpası isə vaxt aparacaq. Kosmosdan çəkilən şəkillərdə də Fordo obyektinə endirilmiş üç zərbə yeri göstərilsə də, əsas girişin olduğu hissəyə toxunulmadığı görünür.”
İlham İsmayıl bildirib ki, ABŞ-ın istifadə etdiyi silahlar maksimum 60 metr dərinliyə təsir göstərə bildiyi halda, bəzi nüvə hədəfləri 80 metrdən daha dərində yerləşir:
“Əgər bu obyektlər yer dəyişibsə, bu, əvvəlcədən planlaşdırılmış ola bilər. Amerikalılar bəyan edir ki, hədəflər vurulub, lakin əsas məqsəd – zənginləşdirilmiş uran – zərərsizləşdirilməyib. Belə olan halda, hələ də region üçün təhlükə qalır.”
Ekspert əlavə edib ki, bəzi informasiyalar sosial şəbəkələrdə zərərçəkmiş şəxslərlə bağlı yayılsa da, bu məlumatlar dəqiqləşdirilməyib və nüvə obyektlərində konkret nəyin baş verdiyi barədə rəsmi təsdiq yoxdur.