"Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində mühüm addım atılıb. Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə aparan ilkin razılaşmaların əldə olunması region üçün yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir."
Milli Məclisin deputatı Nurlan Həsənov bunu News365.az-a açıqlamasında deyib.
"ABŞ Prezidenti ilk dəfə olaraq açıq şəkildə Azərbaycan Prezidentinə dəstəyini ifadə edib və dövlət başçısının fəaliyyətini yüksək qiymətləndirib. Görüş çərçivəsində ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin icrasının dayandırılması barədə qərar açıqlanıb. Bundan başqa, Zəngəzur dəhlizinin açılması ilə bağlı layihələrdə ABŞ tərəfinin də iştirak edəcəyi bildirilib.
Ekspertlər hesab edirlər ki, bu görüş, həm Azərbaycan-ABŞ münasibətlərində, həm də Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Sülh prosesi Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı atəşkəs razılaşmasından sonra illərlə davam edən mürəkkəb mərhələnin ardınca mümkün olub. İndi isə tərəflər münaqişənin yekun həlli üçün konkret sənəd üzərində işləyirlər.
Rəsmi Bakının mövqeyinə görə, sülh müqaviləsinin imzalanması regionda düşmənçiliyin sona çatdırılması və xalqlar arasında əməkdaşlıq dövrünün başlanması demək olacaq.
News365.az