Rusiya lideri Vladimir Putin Donald Trampla Ukraynada atəşkəsin əldə olunmasını müzakirə etməyə hazırdır. Lakin o, istənilən böyük ərazi güzəştlərini istisna edir və Kiyevin NATO-ya üzv olmaq cəhdindən imtina etməsində israrlıdır. Bu barədə “Reuters” Kremlin mövqeyi ilə tanış olan bir neçə mənbəsinə istinadən yazıb.
Agentliyə danışan Rusiyanın beş hazırkı və keçmiş rəsmisi bildirib ki, Kreml ümumilikdə cəbhə xəttində münaqişənin dondurulmasına razı ola bilər.
Həssas məsələləri müzakirə etmək üçün adının açıqlanmasını istəməyən üç nəfərin sözlərinə görə isə, dörd şərq regionunun Donetsk, Luqansk, Zaporojye və Xersonun bölünməsi ilə bağlı danışıqlar üçün yer saxlanıla bilər.
Moskva dörd regionun Rusiyanın artıq bir hissəsi olduğunu iddia etsə də, onun qoşunları quruda məlum ərazinin 70-80%-nə nəzarət edir. Təxminən 26 min kvadrat kilometrlik ərazi hələ də Ukrayna qüvvələrinin əlindədir.
İki rəsmi bildirib ki, Rusiya həmçinin Xarkov və Nikolayev vilayətlərində, Ukraynanın şimal və cənubunda nəzarət etdiyi ərazilərin nisbətən kiçik hissələrindən geri çəkilə bilər.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural